Milanda Xocalı sərgisi – FOTOLAR, VİDEO

Milanda Xocalı sərgisi – FOTOLAR, VİDEO
  25 Fevral 2015    Oxunub:1812
İtalyanın Milan şəhərində Xocalı soyqırımının ildönümünə həsr olunmuş sərgi keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə təşkil olunmuş sərginin açılış mərasimində Şuranın sədri Azay Quliyev, millət vəkilləri Bəxtiyar Əliyev və Azər Kərimli, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, Milandakı Azərbaycan və türk diasporunun üzvləri, universitetlərin professor və müəllim heyəti, şəhər sakinləri, yerli media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib. A. Quliyev qeyd edib ki, bu münaqişə nəticəsində bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. Azərbaycan hökuməti münaqişənin ağır nəticələrini yaşayan insanlara müntəzəm olaraq hər cür dəstək göstərsə də, onların ən böyük arzusu öz doğma yurd-yuvalarına qayıtmaqdır.

Bu günlərdə 23-cü ildönümü qeyd olunan Xocalı soyqırımından danışan millət vəkili bildirib ki, Azərbaycan bu soyqırımla bağlı həqiqətləri dünya ictimaiyyəti ilə bölüşür. Bununla bağlı “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülən işləri xatırladan A. Quliyev qeyd edib ki, Azərbaycan hər zaman sülh və sabitliyin, tolerantlığın, birgə yaşayışın təbliğatçısı kimi çıxış edib.

Millət vəkili Bəxtiyar Əliyev isə çıxışında qeyd edib ki, o, hazırda Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisində doğulub böyüyüb. Deputat işğalla bağlı ağrıları özünün də yaşadığını qeyd edib və bildirib ki, buna baxmayaraq, bütün Azərbaycan vətəndaşları aqressiyaya qarşıdırlar: “Biz bölgəmizdə sülh olmasını istəyirik”.

Millət vəkili Xocalı soyqırımı barədə də danışıb və təəssüflə qeyd edib ki, bu soyqırımı törədən şəxslər əməllərinə görə nəinki qanun qarşısında layiq olduqları cəzanı alıblar, əksinə Ermənistan hökumətində yüksək dövlət postlarında təmsil olunurlar: “Biz dünyanın hər bir sülhsevər insanından Xocalıya ədalətin bərpa olunmasında bizə dəstək gözləyirik. Xocalı hadisələrinin beynəlxalq səviyyədə soyqırımı kimi tanınması istiqamətindəki səylər bu baxımdan önəmli nəticələr verə bilər”.

Millət vəkili, İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Azər Kərimli isə iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Hər iki ölkənin həm dövlət rəsmiləri, həm də parlamentləri səviyyəsində qarşılıqlı əlaqələrin inkişaf etdiyini deyən A. Kərimli İtaliya Senatında Dağlıq Qarabağ problemi ilə bağlı dinləmələr keçirildiyini də xatırladıb.

A. Kərimli Ermənistanlın apardığı işğalçılıq siyasətindən, hazırkı Ermənistan hakimiyyətində Azərbaycan torpaqlarının işğal olunmasında birbaşa iştirak etmiş şəxslərin təmsil olunmasından da danışıb: “Bu, bir həqiqətdir və biz dünyanın bu həqiqəti bilməsini istəyirik ki, hazırkı Ermənistan hakimiyyətində azərbaycanlılara birbaşa işgəncə vermiş, işğalda iştirak etmiş şəxslər təmsil olunurlar”.

“APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı isə azərbaycanlı girovların danışıqları əsasında şirkətin dəstəyi ilə hazırlanmış “Cəhənnəmdə böyük çığırtı” kitabı barədə məlumat verib.

V. Mahirqızı qeyd edib ki, bu kitabda diqqət yetirilməli olan əsas məqam burda dramı yazılanların hamısının mülki şəxslər olmasıdır: “Onlar döyüşmürdülər, evlərindəydilər və gündəlik qayğıları ilə məşğul olurdular, köməksiz idilər. Bizim qəhrəmanlardan birinin girov götürüləndə cəmi 14 yaşı olub, o girovluqda, işgəncələr altında böyüyüb. Onlarla çox aqressiv, insanlığa sığmayacaq formada davranıldı. Biz bu kitabı hazırlamaqla təkcə ermənilərin azərbaycanlılara qarşı necə aqressiv davrandıqlarını göstərmək istəməmişik. Biz həm də o suala cavab axtarmışıq ki, XX əsrin insanı öz həmcinsinə qarşı necə bu qədər aqressiv, nifrətlə yüklənmiş ola bilər? Onu hansı cəmiyyət, hansı təhsil sistemi, hansı ailə mühiti belə yetişdirib? Biz bu aqressiyanın bütün cəmiyyətlər üçün təhlükə olduğuna diqqət çəkmək istəmişik və hər kəsi bu dramlarla tanış olub, təkcə bizim faciəmizlə deyil, həm də erməni cəmiyyətinin deqradasiyası ilə tanış olmağa dəvət edirik”.

Milan İncəsənət Akademiyasının müəllimi, rejissor və operator Françesko Fei Azərbaycanda olduğunu deyib və tədbirə toplaşan həmyerlilərinə çağırış edib: “Azərbaycan tolerantlığın, dini və irqi dözümlülüyün simvoludur. Mən Bakıda oldum, bura bir müsəlman ölkəsinin paytaxtı idi. Orda İslam var, amma bu, azad İslamdı. Orda adamlar azad düşünür, bu cəmiyyət çox tolerantdır və başqa millətlərə, xalqlara qarşı dözümlü, hətta sevgi dolu bir münasibət var. Belə bir cəmiyyətdə yetişən insanların başına bu cür faciələr gəlməsi çox kədərlidir. Mən hər kəsi Azərbaycan barədə daha çox öyrənməyə dəvət edirəm”.


Qalereya




Teqlər:





Xəbər lenti