Lavrov danışıqları gözlənilmədən tərk etdi

Lavrov danışıqları gözlənilmədən tərk etdi
  25 Fevral 2015    Oxunub:2012
“Normand dördlüyü” ölkələri XİN başçılarının danışıqları Fransada keçirilir”.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Normand dördlüyü” ölkələri xarici işlər nazirlərinin Parisdə keçirilən danışıqlarını gözlənilmədən tərk edib.

AzVision.az Virtualaz.org-a istinadən xəbər verir ki, rusiyalı nazirin bu addımı qəfil olduğundan ona hələlik heç bir izahat verilməyib.

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov danışıqların keçirildiyi binanı gözlənilmədən tərk etdi. “Normand dördlüyü” ölkələri XİN başçılarının danışıqları Fransanın Xarici İşlər Nazirliyinin binasında keçirilir. Sergey Lavrov jurnalistlərə bu qəfil gedişinin səbəbləri barədə heç bir açıqlama verməyib” - deyə xarici KİV-lər bildirir.

Qeyd edək ki, bu gün Parisdə Almaniya, Fransa, Ukrayna və Rusiya xarici işlər nazirlərinin Donbasdakı münaqişənin nizamlanması ilə bağlı görüşü keçirilib. “Le Fiqaro” nəşri hələ görüşdən əvvəl Ukrayna nümayəndə heyəti üzvlərindən birinə istinadən belə bir məlumat yaymışdı ki, Rusiya bu görüşün keçirilməsini əvvəlcədən istəməyib.

Daha sonra mətbuat qarşısına çıxan S.Lavrov deyib ki, “Normand dördlüyü” görüşünün iştirakçıları Donbasda atəşkəsin elan edilməsindən asılı olmayaraq hərbi texnikanın təmas xəttindən geri çəkilməsinin vacibliyini vurğulayıblar: “Həmkarlarımız, ilk növbədə almaniyalı və fransalı XİN rəhbərləri bildiriblər ki, atəşin tam dayanmasını gözləmədən ağır silahların geri çəkilməsi prosesinə başlamaq vacibdir”.

Sergey Lavrov həmçinin bildirib ki, “Normand dördlüyü” XİN başçıları ATƏT-in xüsusi monitorinq komissiyası tərəfindən əlavə personal, avadanlıq və maliyyənin ayrılmasının zəruriliyini önə çəkiblər.

“Hazırda Donbasda vəziyyət xeyli yaxşılaşsa da, bəzi hallarda müəyyən pozuntular qeydə alınır. Biz ölkələrimizin Vyanada ATƏT-in Ukraynadakı xüsusi monitorinq komissiyasının mandatının uzadılması ilə bağlı mümkün qədər tez bəyanat vermələrinə çağırmışıq” - deyə nazir vurğulayıb.


Teqlər:





Xəbər lenti