Nazarbayevin kürəkəni həbsxanada intihar etdi

Nazarbayevin kürəkəni həbsxanada intihar etdi
  24 Fevral 2015    Oxunub:2264
Qazaxıstanın Vyanadakı sabiq səfiri Rahat Əliyev Avstriya həbsxanasında ölüb.
AzVision.az-ın “Rİa Novosti”yə istinadən verdiyi məlumata görə, onun intihar etdiyi bildirilir.

Avstriyanın “Kurier” nəşrində bildirilir ki, Əliyev həbsxanada öz kamerasında sılı vəziyyətdə aşkarlanıb. Vyana məhkəməsi də Əliyevin ölüm faktını təsdiqləyib. Lakin Əliyevin vəkili onun intihar etməsinə şübhə ilə yanaşdığını bildirib.

Məlumatda həmçinin bu günlərdə Əliyevin üç nəfərlik kameradan bir nəfərlik kameraya köçürüldüyü vurğulanır. Qazaxıstan prezidentinin kürəkəninin intihar etməsindən bir gün əvvəl vəkilin oğlu Əliyevə baş çəkib və onunla müəyyən işi müzakirə edib.

Qazaxıstanın Avstriyadakı sabiq səfiri 2007-ci ildə vətənində iki yüksək rütbəli bank menecerini qətlə yetirməkdə ittiham olunur. Əgər günahı sübuta yetirilsə, onu 10 ilədək həbs cəzası gözləyir.

Avstriya Rahat Əliyevin ekstradisiyası barədə Qazaxıstanın müraciətlərini rədd etdikdən sonra sabiq diplomata qarşı cinayət araşdırmasına başlayıb.

Rahat Əliyev irəli sürülən ittihamları siyasi motivli kimi rədd edir. O, iyun ayında Avstriya hakimiyyətinə təslim olunduqdan sonra istintaq təcridxanasında saxlanılır. Məhkəmə şərtləri Əliyevin zəminə buraxılmasını nəzərdə tutmur.

İnsan oğurluğunda ittiham olunan keçmiş kürəkən iyun ayın Vyanada həbs olunub. Onun həbsi üçün order hələ mayın 19-da verilmişdi. Rahat Əliyevin nümayəndəsi Manfred Aynedter Avstriya mətbuatına bildirib ki, keçmiş diplomat hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyə qərar verərək özü, könüllü olaraq, polisə təslim olub.

Qeyd edək ki, Rahat Əliyev 2008-ci ildə vətənində hakimiyyəti ələ keçirməkdə və insan oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar qrupu yaratmaqda ittiham olunaraq 40 il qiyabi həbs cəzasına məhkum edilib. 2011-ci ilin iyununda Vyana məhkəməsi R.Əliyevi ekstradisiya etməkdən imtina edib.

Qazaxıstan Prokurorluğu həmçinin Rahat Əliyevin 2006-cı ildə müxalifətçi Altınbek Sarsenbaevin qətli ilə əlaqəli olduğunu güman edir.

Rahat Əliyev prezident Nazarbayevin böyük qızının əri olub. O bir vaxtlar Milli Təhlükəsizlik Komitəsi, Vergi Xidməti və Xarici İşlər Nazirliyində yüksək vəzifələrdə çalışıb.

2008-ci ildə Qazaxıstan məhkəməsi cinayət qrupunun təşkili, adam oğurlanması və hakimiyyəti ələ keçirmək ittihamları ilə bağlı ölkəni artıq tərk etmiş Rahat Əliyevə uzunmüddətli həbs cəzası kəsib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti