Sarkisyan cinayətkar kimi tanınacaq - petisiya başa çatdı

Sarkisyan cinayətkar kimi tanınacaq - petisiya başa çatdı
  18 Fevral 2015    Oxunub:5084
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev “Serj Sərkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyasının başa çatdığını bildirib.

AzVision.az xəbər verir ki, deputat bu işdə əməyi olan hər bir kəsə, Yeni Azərbaycan Partiyasının çoxminli üzvlərinə, rabitə və təhsil işçilərinə bu səslərin qısa müddətdə toplanmasında göstərdikləri fədakarlığa görə ayrıca minnətdarlıq bildirib .

“Qeyd edim ki, Şuranın başladığı bu kampaniyaya reaksiya tək Azərbaycandan deyil, xarici ölkələrdən də gəldi. Bu prosesi hər gün yaxından izləyən əməkdaşların verdikləri məlumata görə Avropanın əksər ölkələrindən, ABŞ-dan, hətta uzaq Avstraliyadan da səsimizə səs verən əcnəbilər tapıldı. Bu əcnəbilər arasında tanınmış şəxslər, siyasətçilər, jurnalistlər, ictimai-siyasi xadimlər, mədəniyyət işçiləri, hətta keçmiş səfirlər və diplomatlar da var idi. Təbii ki, burada diqqətimizi cəlb edən Sarkisyan rejimindən bezmiş, sıravi Ermənistan vətəndaşlarının petisiya qoşulmaları oldu. Bu onu sübut edir ki, əli Xocalı sakinlərinin, xüsusilə körpə uşaqların, qadınların və ahıl insanların qanına batan Sarkisyanın ədalət məhkəməsi qarşısında dayanmasını tək biz deyil, hətta sıravi ermənilər də tələb edirlər”.

A.Quliyev onu da qeyd edib ki, Azərbaycan xalqının başına gətirilmiş XX əsrin ən böyük dəhşətlərindən olan Xocalı soyqırımında birbaşa, habelə dolayısı ilə iştirak etmiş hər bir cinayətkar gec-tez haqlı cəzasını alacaq və onlar ədalət mühakiməsi qarşısında cavab verməli olacaqlar.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdindəki İşçi Qrup tərəfindən BMT Təhlükəsizlik Şurasına müraciət məqsədilə “Serj Sərkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyasına start verilmişdi. Məqsəd Xocalı hadisələrinin birbaşa iştirakçısı olan Serj Sərkisyanın beynəlxalq cinayətkar kimi tanıdılmasıdır. İşçi Qrup Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səsi qısa müddətdə toplamağı planlaşdırılırdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti