800 əlil istirahətə gedəcək

  17 May 2013    Oxunub : 511
 800 əlil istirahətə gedəcək
Əlillərin istirahətləri xüsusi proqram əsasında təşkil olunacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin asudə vaxtının təşkili istiqamətində tədbirlər uğurla davam etdirilir.
Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə 570 nəfər əlilliyi olan şəxsin Qəbələ, 230 nəfər əlilliyi olan şəxsin isə Lənkəran rayonunda yerləşən istirahət mərkəzlərində 10 günlük istirahəti təşkil olunacaq. Əlillərin ilk qrupu mayın 18-də yola salınacaq.
Əvvəllərdə olduğu kimi, bu il də istirahətə göndərilənlər arasında Azərbaycanın Respublikasının ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş şəxslərə üstünlük verilir. İstirahət mərkəzlərinə göndərilən əlillərin istirahətləri xüsusi mədəni-kütləvi proqram əsasında təşkil ediləcək.
Belə ki, istirahət günlərində əlillər üçün stolüstü oyunlar (stolüstü tennis, bilyard, nərd, şahmat, dama, domino və s.), habelə futbol və voleybol üzrə yarışların, müxtəlif idman alətləri ilə məşqlərin, ətraf rayonlara və tarixi yerlərə gəzinti turlarının, onlar üçün tibbi və fizoterapevtik prosedurların və s. təşkili həyata keçiriləcək. Əlillər istirahət mərkəzlərinə, habelə istirahət günlərində müxtəlif turlara xüsusi nəqliyyat vasitəsi ilə aparılıb gətiriləcək.
Qeyd edək ki, əlilliyi olan şəxslərin istirahət zonalarında asudə vaxtının təşkili «2013-cü ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı»nda nəzərdə tutulub.

AzVision.az

Teqlər: