Məktəblinin çantaya sığmayan "yük"ü - Problem

Məktəblinin çantaya sığmayan "yük"ü - Problem
  31 Oktyabr 2014    Oxunub:3124
Son illər ərzində onurğa əyriliyindən əziyyət çəkən uşaqların sayı xeyli artıb. Statistikaya əsasən, Azərbaycanda təxminən hər yüz nəfərdən 1-i onurğa əyriliyindən əziyyət çəkir. Buna səbəb uşaqların masa arxasında düzgün oturmamaları, məktəb çantalarının ağır olması, kompüter aludəçiliyi və sairədir. Bunun üçün valideynlər daim pediatrlarla əlaqə saxlamalı və vaxtaşırı uşaqları müayinə etdirməlidirlər. Uşaqların fiziki inkişafı 5-6 yaşlarında formalaşır.

Bunun üçün azyaşlı uşaqlar parta arxasında əyri oturduqları zaman onurğaları deformasiyaya uğrayır. Doğru oturuş qaydası isə belədir: baş dik olmalı, sinə və bel düz dayanmalı və uşaqlar masaya yaxın oturmalıdırlar. İlk vaxtlar çox əhəmiyyət verilməyən bu əyrilik sonradan onurğa xəstəliklərinə səbəb ola bilər. Əyriliklər, əsasən, 3 cürdür: onurğanın arxaya, önə və yana doğru əyilməsi.

Mövzu ilə bağlı “Zaman-Azərbaycan”ın suallarını travmatoloq-ortoped dr. Sənan Aşirov cavablandırdı. O, onurğa əyriliyinin yaranma səbəbləri haqda bunları dedi: “Onurğa əyriliyi anadangəlmə və ya sonradan qazanılmış olur. Elə körpələr var ki, anadangəlmə onurğa əyriliyi ilə doğulurlar. Bəzilərinin də onurğa əzələsi zəif olur. Belə uşaqlar ağır məktəbli çantalarını daşıdıqları zaman, masa arxasında əyri oturduqları zaman onurğalarında əyilmələr baş verir. Bu barədə həm valideynlər, həm də müəllimlər maariflənməlidirlər. Valideynlər övladlarının çantalarının həddindən artıq ağır olmaması üçün buna diqqət yetirməlidirlər. Bundan başqa, onlar çantanın doğru şəkildə taxılmasına nəzarət etməlidirlər. Çiyindəki yük bərabər paylanmalıdır. Əgər yük bir çiyinə çox, bir çiyinə az düşərsə, bu zaman onurğada deformasiyalar baş verir. Müəyyən bir müddətdə bu proses davam edirsə, onurğa əyriliyinin baş verməsi riski 70 faizə bərabər olur”.

Bəs onurğa əyriliyinin başqa hansı fəsadları var? Travmatoloq-ortoped dedi ki, çiyin əyildikdə birinci növbədə insanın xarici görünüşündə xoşagəlməz dəyişikliklər olur: “Bundan əlavə, onurğa və çiyində ağrılar yaranır. Nəticədə bu, “kifoz”, “lardos” və “skoliyoz” xəstəliklərinin yaranmasına gətirib çıxarır. Skoliyoz xəstəliyi onurğanın sağa və ya sola doğru əyilməsidir. Ağır çanta götürən uşaqlarda isə ən çox kifoz xəstəliyi yaranır. Bu zaman bel önə doğru əyilir, yəni uşağın kürək hissələri donqarlaşır. Xəstəliyin qarşısını almaq üçün valideynlər, bağça və məktəb müəllimləri bilgiləndirilməlidirlər. Bundan başqa, uşaqlara da başa salınmalıdır ki, onlar düzgün oturuş qaydasını bilsinlər. Düzgün istiqamətdə yerisinlər, idmanla məşğul olsunlar və çoxlu ağartı məhsulları ilə qidalansınlar. Ancaq ən çox məsuliyyət valideynin üzərinə düşür. Çünki uşaq vaxtının çoxunu evdə keçirir. Valideynlər daim onların oturuşlarına fikir verməlidirlər”.

“Onurğa əyriliyinin müalicəsi varmı?”-sualımıza isə həmsöhbətimizin cavabı belə oldu: “Xəstəliyin müalicəsi xəstənin yaşından, gec və ya tez müraciət etməsindən və xəstəliyin dərəcəsindən asılıdır. Onurğa əyriliyi 1-ci dərəcəlidirsə, 2 kurs, 3-cü dərəcəlidirsə, 2 və daha çox kurs müalicə götürməlidirlər. Xəstələr eyni zamanda xüsusi karsetlər geyinməlidirlər. Əgər anadangəlmə deyilsə, erkən yaşlarda müraciət edilən zaman kifoz, skoliyoz xəstəlikləri müalicə edilir. Xəstəlik azyaşlı uşaqlarda masaj, fizioterapiya, idman və üzgüçülüklə müalicə olunur. Daha sonrakı yaşlarda isə xəstəliyin yuxarıda qeyd etdiyim üsullarla müalicəsi mümkün olmur. Bu zaman onurğa əyriləri 25, 30 dərəcəni keçərsə, xəstəlik ancaq əməliyyat yolu ilə müalicə edilir. Anadangəlmə onurğa əyriliyi də düzəlir. Ancaq bu, xəstəliyin dərəcəsindən asılıdır. Əgər 10 yaşına kimi uşaqlarda rentgen təyini ilə 35, 40 dərəcəli əyrilik varsa, burada heç bir müalicədən söhbət gedə bilməz. Bu zaman xəstə birbaşa əməliyyat olunmalıdır. Əgər azyaşlı uşaqlarda 20, 25 dərəcə əyrilik varsa, xəstə müalicə ilə yaxşılaşır. Belə uşaqlar 18 yaşına kimi normal, həkim nəzarətində saxlanılarsa və əyrilik artmazsa, onlarda sonradan heç bir problem olmur”.

"Zaman Azərbaycan"


Teqlər:





Xəbər lenti