Azərbaycanda ölünün qiyməti nə qədərdir?

AzVision.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu aparatının Əmək pensiyaları şöbəsinin müdiri Elşən Məmmədəliyev deyib
Onun sözlərinə görə, hazırda yaşa görə əmək pensiyasının baza hissəsi 100 manat təşkil etdiyindən, 300 manat məbləğində dəfn üçün müavinət verilir:
“Bəzən vətəndaşlar tərəfindən dəfn üçün müavinət vəfat edənin əmək pensiyasının tam məbləğinin üç misli başa düşülür. Yeri gəlmişkən qeyd etmək istərdim ki, bəzi hallarda əmək pensiyaçısının vəfatı barədə məlumat onun ailə üzvləri tərəfindən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yerli orqanına vaxtında verilmir və əmək pensiyaçısının plastik kartı vasitəsilə aylıq pensiyalar alınmaqda davam edir. Bu cür hallarda dəfn üçün müavinətin ödənilməsi üçün müraciət edildikdə artıq ödənilmiş pensiya məbləğinin tutularaq, DSMF-nin hesabına bərpası aparılır. Təəssüf ki, bu hal bəzən vətəndaşlar tərəfindən dəfn müavinətinin az məbləğdə verilməsi kimi başa düşülür. Halbuki burada dəfn müavinəti düzgün hesablanır və DSMF orqanı artıq ödənmiş məbləğin tutulmasına cavabdehdir. Buna görə də ümumi məbləğdən artıq alınmış həmin vəsait tutularaq köçürülür. Artıq alınmış pensiya məbləğinin qanunvericiliyə əsasən tutulması dəfn xərcinin azaldılması kimi şərh olunmamalıdır. Bəzi hallarda vətəndaşlar dəfni kimin yerinə yetirməsi barədə sənəd təqdim olunmasına etiraz edirlər”.
E.Məmmədəliyevin sözlərinə görə, praktika göstərir ki, dəfn müavinətinə bəzən bir neçə varis iddia edir: “Müavinət isə yalnız dəfn edənə verilməlidir. Bu isə həmin şəxsin dəfni həyata keçirməsi barədə arayış alınmasını tələb edir”.
Sevinc İltifatqızı
AzVision.az