Generallar sərhəd problemini müzakirə etdilər

AzVision.az-ın məlumatına görə, avqustun 17-də Dövlət Sərhəd Xidmətinin Aparatında general-mayor Qasım Rzainin təntənəli qarşılanma mərasimi keçirilib. Rəsmi protokola uyğun olaraq, İran İslam Respublikası Sərhəd Qoşunlarının Komandanı şərəf kitabına ürək sözlərini yazıb.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və İran İslam Respublikası Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzainin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında geniş tərkibdə keçirilmiş görüşdə Azərbaycan-İran dövlət sərhədində və sərhəd keçid məntəqələrindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb, hər iki qurum arasında əməkdaşlığın mövcud durumu və perspektivləri müzakirə olunub.
Müzakirələr zamanı qurumlar arasında əməkdaşlığın inkişaf dinamikası müsbət qiymətləndirilmiş, dövlət sərhədindən qaçaqmalçılığa, transsərhəd cinayətkarlığa qarşı, eləcə də digər qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması üzrə qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Səfər çərçivəsində İran nümayəndə heyəti Bakı şəhərinin mədəni-tarixi yerləri ilə tanış edilibər.
Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.