Niyə ağrı hiss edirik? – ELMİ CAVAB

Niyə ağrı hiss edirik? – ELMİ CAVAB
  23 Aprel 2013    Oxunub:8655
Ayağımız stolun kənarına dəyəndə və ya yerdəki qırıq şüşə ayağımızı kəsəndə ağrı hiss edirik. Ağrı hissinin həyatımızda mühüm yeri var, çünki bizə bədənimizdə problem olduğunu bildirir. Dərimizdəki reseptorlar bizi zədələyən faktorlara reaksiya verəndə, yəni beynimizə mesaj göndərəndə ağrı hiss edirik. Bunun nəticəsində, narahatlığımızı aradan qaldırmaq üçün bəzi tədbirlər görürük.
Üç ağrı növü mövcuddur: səthi ağrı, dərin ağrı (sümük, əzələ, sümü və oynaqların ağrısı), daxili orqanların ağrısı (viskeral ağrı). Səthi ağrılar dəriyə təzyiq olanda və ya 45 dərəcədən artıq istiliklə qarşılaşanda ortaya çıxır.

Ağrı hissi bədənimizdə mövcud olan müdafiə sisteminin bir hissəsidir. Bu hiss sağlamlığa mənfi təsir edən vəziyyətin yarandığını bildirir və bu mənfi təsirə qarşı tədbir görmək üçün bədənə dəyən fiziki zərərin minimuma endirilməsini təmin edir.

Belə ki, insan ağrı hiss edirsə, onu aradan qaldırmaq üçün tədbir görür və bədənə dəyən zərərin qarşısını alır. Məsələn, əli qaynar suda yanan insan ağrı hiss etdiyi üçün dərhal əlini sudan çıxararaq dərisinin zərər görməsinin qarşısını alır. Digər hallarda yaranan ağrı hissi davam edərsə, tibbi üsullara, qoruyucu tədbirlərə əl atır və ya bədəninin hər hansı bir yerində yaranan ağrı nəticəsində həkimə gedərək, xəstəliyi şiddətlənmədən onun qarşısını alır.

Bunu qeyd etmək lazımdır ki, ağrı hissi insan üçün narahatedici olsa da, Allah bu hissi bizə verməsəydi, bədənimiz zərər görəndə reaksiyamız olmaz və ciddi sağlamlıq problemləri yaranardı. “…Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz. (Bəqərə surəsi, 216)” ayəsində bildirdiyi kimi, zərərli kimi görünən və insanlar üçün narahatlıq yaradan ağrı hissi, əslində, insan üçün çox xeyirdir.

Bədənimizdə narahatlıq yarananda ağrı hiss etməsəydik nələr olardı?

“Anadangəlmə analgeziya” ağrını hiss etməmək xəstəliyidir. Bu xəstəliyi olan insanlar toxunma və hissetmə duyğularına sahib olurlar, amma beynin sinir sistemi sanki filtrlənmiş kimi məlumat axınına mane olur, temperatur dəyişikliyini və ya yaralanma kimi təcili tədbir görülməli olan hadisələrə reaksiya vermir.

Sinir sisteminin fəaliyyətində yaranan hər hansı çatışmazlıq bir çox problemlər yarada bilər. Belə ki, ağrı ilə əlaqədar siqnal beynə çatmadığından ağrı hiss edilmir, bəzən isə ağrı hiss edilir, lakin ağrının hansı nayihədə olduğu bilinmir. Şübhəsiz, hər iki vəziyyət insan üçün böyük təhlükə yaradır. Çünki ağrı yerinin təsbit edilməməsi ağrının hiss edilməməsinə bərabərdir. Məsələn, ürəyində ciddi problemi olan və bədənində ağrı hiss edən, lakin ağrının hansı nayihədə olduğunu bilməyən insanın həyatı təhlükə altındadır.

“Anadangəlmə analgeziya” necə yaranır?

Bu xəstəlik “SCN9A” adlanan gendə olan problemlə əlaqədar meydana gəlir. Bu gendə kiçik pozulma belə onu tamamilə sıradan çıxarır və beynə ötürülən siqnalların qarşısını qalır. Bu hadisə, elektrik lampasının yanması üçün elektrik düyməsindən istifadəyə bənzəyir. Əgər lampaya gedən elektrik naqillərində problem olsa, lampa yanmaz.

Ağrı hissinin çatdırılması sinir hüceyrələri vasitəsilə reallaşır. Bu hüceyrələr ağrı, acı və sızıltını məhv edən, bədəni rahatlaşdıran “endorfin” maddəsinə malikdir. Endorfin beynimizin istehsal etdiyi ağrıkəsicidir. Endorfin ağrının hiss edildiyi andan etibarən ifraz edilir, ilk təhlükə sovuşduqdan sonra təsiri keçir. Bunun sayəsində ciddi yaralanan insanlar belə müəyyən müddət şiddətli ağrını hiss etmirlər.

Zaur Rzayev / AzVision.az üçün


Teqlər:  





Xəbər lenti