ABŞ neft tədarükünə görə İraqa təzyiq göstərir

ABŞ neft tədarükünə görə İraqa təzyiq göstərir
  22 Fevral 2025    Oxunub:344
ABŞ prezidenti Donald Trampın administrasiyası İraqa təzyiq edərək kürd neftinin ixracının bərpasına icazə verilməsini istəyir. Əks halda Bağdad da İranla bərabər sanksiyalarla üzləşəcək.
AzVision.az xəbər verir ki, 8 mənbəyə istinad edən “Reuters” agentliyi belə məlumat yayıb.

“İraq Kürdüstanından ixracın sürətlə bərpası Vaşinqtonun Trampın Tehrana qarşı “maksimum təzyiq” kampaniyası çərçivəsində sıfıra endirmək istədiyi İran neftinin tədarükünün mümkün azalmasını kompensasiya edəcək”, - agentlik yazır.

Amerika hökuməti Tehranın nüvə proqramının inkişafını ləngitmək üçün İranı qlobal iqtisadiyyatdan təcrid və neft gəlirlərindən məhrum etmək istədiyini bildirib.

İraqın neft naziri, öz növbəsində, Kürdüstan Muxtariyyətindən ixracın gələn həftədən etibarən bərpa olunacağını açıqlayıb. Bu, Türkiyə vasitəsilə dünya bazarlarına gündə 300 min bareldən çox neftin tədarükünü kəsən və təxminən iki il davam edən qarşıdurmaya son qoyacaq.

“Reuters” agentliyinin Bağdaddakı, Vaşinqtondakı və İraq Kürdüstanının paytaxtı Ərbildəki səkkiz mənbəsi məhz ABŞ administrasiyasının artan təzyiqinin belə qərarın verilməsinin əsas səbəbi olduğunu iddia ediblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   İraq   neft  





Xəbər lenti