Əraqçi: “Əsəd özü ordusunun bacarıqsızlığından təəccüblənib”
O, Suriyada hökumət əleyhinə qüvvələrin mümkün hücumu barədə İranda məlumat olduğunu və bunun Suriya hökumətinə ötürüldüyünü bildirib. Məhz buna görə də Suriya ordusunun geri çəkilməsi və üsyançıların irəliləmə sürəti sürpriz olub.
“Təəccüblü olan Suriya ordusunun vəziyyətin öhdəsindən gələ bilməməsi, ikincisi isə bu gözlənilməz hadisələrin sürəti idi. Cənab Bəşər Əsədin özü də ordusunun necə hərəkət etdiyinə təəccübləndi və Suriyanın özündə düzgün təhlilin olmadığı aydın idi. Düşünürəm ki, Suriya ordusu psixoloji müharibənin əsiri olub”, - İranın “Tasnim” agentliyi Abbas Əqaçidən sitat gətirir.
Suriya ilə bağlı narahatlıqlara gəlincə, İran XİN-nin rəhbəri mümkün vətəndaş müharibəsi, ölkənin parçalanması və ya onun “tamamilə dağılması və terrorçular üçün təhlükəsiz sığınacağına çevrilməsi” barədə xəbərdarlıq edib. Bundan əlavə, o, münaqişənin bütün regionda genişlənməsi ehtimalının olduğuna diqqət çəkib. Tehranın Suriyanın gələcək hökuməti ilə münasibətlər isə Dəməşqdəki yeni hakimiyyətidən asılı olacaq.
- Bizim onlarla münasibətimiz həmin qüvvələrin davranışlarından asılı olacaq. Şiələrlə necə davranacaqlar və s. Biz öz siyasətimizi onların davranışlarından çıxış edərək müəyyənləşdiririk”, - iranlı məmur vurğulayıb.
Qeyd edək ki, Bəşər Əsədin əsas müttəfiqlərindən biri kimi İran 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan bəri ona hərbi dəstək verib. Döyüş əməliyyatlarının aktiv mərhələsinin sonunda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi məsləhətçiləri ölkədə qalıblar. Bundan əlavə, İran Suriya ərazisindən keçməklə, Livandakı proksiləri olan “Hizbullah” qüvvələrini silahla təmin edə bilir.
Livanın təhlükəsizlik qurumlarındakı iki mənbəyə istinad edən “Reuters” agentliyi Əsəd rejiminin süqutundan sonra “Hizbullah”ın özünün bütün qüvvələrini Suriyadan çıxardığını yazıb. Yayımlanan məlumatlara görə, Dəməşqdə üsyançılar və onların tərəfdarları İran səfirliyi də daxil olmaqla bir sıra hökumət binalarına girərək onları dağıdıblar. “The New York Times” qəzeti isə Dəməşqin alınmasından bir neçə gün əvvəl İranın Suriyadan öz hərbçilərini və diplomatlarını təxliyə etməyə başladığını bildirib.
Abbas Əraqçi, öz növbəsində, Əsədin hakimiyyətdən getməsindən sonra vurğulayıb ki, Suriyanın gələcəyi “dağıdıcı müdaxilə və ya xarici məcburiyyət olmadan yalnız Suriya xalqının məsuliyyətindədir” . İranın Xarici İşlər nazirliyi döyüşləri dayandırmağa və “bütün Suriya xalqını təmsil edən inklüziv hökumət” yaratmaq məqsədi ilə “Suriya cəmiyyətinin bütün təbəqələrinin iştirakı ilə” dialoqa başlamağa çağırıb.
Sahil İsgəndərov
AzVision.az