Rusiya Suriyada hərbi iştirakını saxlamağa çalışır

   Rusiya Suriyada hərbi iştirakını saxlamağa çalışır
  09 Dekabr 2024    Oxunub:858
Rusiya Suriyadakı hərbi bazalarının təhlükəsizliyini təmin etmək üzərində işləyir. Moskva əlaqə yaradır, hərbçilərin özü də ehtiyat tədbirləri görürlər.
AzVision.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalsitlərə açıqlamasında Xmeymimdə və Tartusda Rusiya bazalarının saxlanılmasından danışmağın tez olduğunu, bunun Suriyada hakimiyyətə gələnlərlə müzakirə edilməli olduğunu bildirib.

“Bu çox vacib sualdır. Təbii ki, təhlükəsizliyin təminatında iştirak edə biləcək şəxslərlə əlaqə yaratmaq üçün indi lazım olan və mümkün olan hər şey edilir. Sözsüz ki, bizim hərbçilər də bütün lazımi ehtiyat tədbirləri görür”, - Peskov Kremlin Suriyadakı Rusiya hərbi bazalarının təhlükəsizliyindən nə dərəcədə narahat olduğuna dair sualın cavabında deyib.

KİV-lər Suriya silahlı müxalifətinin bölmələrinin Tartus şəhərinə və Xmeymim aviabazasının həndəvərindəki Cəbla şəhərinə daxil olaraq Rusiya hərbçilərinə yaxınlaşdığını yazıb. Ölkənin baş nazir Mühəmməd Qazi əl-Cəlali isə Rusiyanın hərbi mövcudluğu məsələsinin Dəməşqdə yeni hökumət tərəfindən həll ediləcəyini bildirib.

Xatırladaq ki, Rusiya hərbçiləri Suriyada Xmeymim aviabazasında və ölkənin qərbində Aralıq dənizinin sahilində yerləşən Tartusdakı logistika məntəqəsindədirlər. İkitərəfli razılaşmaya əsasən, Moskva bu bazalardan 2066-cı ilə qədər istifadə edə bilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Suriya   bazalar  





Xəbər lenti