Ostin: “Moskva Ukrayna müharibəsinə 200 mliyard dollar xərcləyib”

    Ostin:    “Moskva Ukrayna müharibəsinə 200 mliyard dollar xərcləyib”
  09 Dekabr 2024    Oxunub:799
Ukraynada genişmiqyaslı müharibənin birinci ilində Rusiyanın itkiləri misilsiz idi və İkinci Dünya Müharibəsindən sonrakı bütün münaqişələrin ümumi xərclərini üstələyirdi.
AzVision.az xəbər verir ki, ABŞ-nin Müdafiə naziri Lloyd Ostin Kaliforniyada Ronald Reyqan Milli Təhlükəsizlik Forumunda çıxışı zamanı belə iddia səsləndirib.

Onun sözlərinə görə, 2022-ci ilin fevralında Ukraynaya müdaxilə başlayandan bəri Rusiya ən azı 700 min əsgər itirib. Kremlin hərbi xərcləri isə artıq 200 milyard dolları keçib. Ostin bu rəqəmləri Rusiyanın təcavüzə görə ödədiyi “heyrətləndirici qiymət” adlandırıb.

Ukraynaya dəstəyin vacibliyini vurğulayan Pentaqonun rəhbəri Kiyevə 57 milyard dollardan çox birbaşa təhlükəsizlik yardımı göstərən “Ramştayn” beynəlxalq koordinasiya qrupunun uğurlarını qeyd edib.

- Biz birlikdə Ukraynaya Avropanın ən böyük hərbi qüvvələrinin genişmiqyaslı hücumuna tab gətirməyə kömək etdik. ABŞ və müttəfiqləri Rusiya ilə nüvə qarşıdurmasından yayındılar, NATO-nun şərq cinahını gücləndirdilər və alyansa üzv dövlətlər illik müdafiə xərclərini təxminən 80 milyard dollar artırdılar”, - Lloyd Ostin vurğulayıb.

Maraqlıdır ki, Rusiyanın hərbi xərclərindən “heyrət”lənən Pentaqon rəhbəri bunun ABŞ-nin və kollektiv Qərbin hərbi xərcləri il müqayisəyə gələ bilmədiyini nədənsə gözardı edib. Ukrayna müharibəsində Rusiyanın itkilərinə diqqət çəkən Lloyd Ostin Amerikanın Moskva ilə bu münaqişəyə sürüklədiyi ukraynalıların nə qədər qurbanlar verdiyini etiraf etməyib.
Bu baxımdan, Amerika qoşunlarının və onların müttəfiqlərinin Yaxın Şərqdə və Əfqanıstanda yüz minlərlə dinc əhalini qətlə yetirməsi isə ayrıca bir mövzudur.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Ostin   Rusiya   itkilər  





Xəbər lenti