Putin Suriyadakı hərbi bazasını itirə bilər - "Müharibə Araşdırmaları İnstitutu"

   Putin Suriyadakı hərbi bazasını itirə bilər    - "Müharibə Araşdırmaları İnstitutu"
  09 Dekabr 2024    Oxunub:894
Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra Rusiya lideri Vladimir Putin bu ölkədəki hərbi bazalarını itirə bilər.
Bu fikirlər ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) dərc olunan yeni hesabatındandır. Ekspertlər yazıblar ki, son proseslərin nəticələri təkcə bölgə ölkələri üçün deyil, Kremlə də təhdidlər yaradıb.

Dünyanı mat qoyan 7 gün | DAYCEST
Belə ki, Rusiya Federasiyası Tartusdakı hərbi dəniz bazasını Aralıq dənizində güc nümayişi üçün istifadə edirdi. Rəsmi Moskva Tartus bazasının köməyi ilə zaman-zaman NATO-nun cənub cinahını belə təhdid edirdi. Bu baza vasitəsilə ruslar Qara dənizdəki hərbi aktivlərini Aralıq dənizindəkilərlə birləşdirirdilər.

Analitiklərin fikrincə, Suriyadakı bazaların itirilməsi Rusiyanın logistikası, eləcə də yeni təchizat səyləri ilə yanaşı, rusların Afrika Korpusunun rotasiyasını da poza bilər.

"Müharibə Araşdırmaları İnstitunun" hesabatında o da qeyd edilib ki, Kreml bundan sonra alternativ güc mənbələlərindən- Liviya və Sudandakı hərbi mövcudluğundan istifadə etməyə cəhd edəcək: "Lakin Rusiya Federasiyasının bu ölkələrlə hərbi sahəyə aid rəsmi razılaşmalar əldə edə bilməməsi və infrastrukturun kifayət qədər olmaması onları qeyri-adekvat alternativlərə çevirir".

Bundan əlavə, ekspertlər vurğulayırlar ki, Əsəd rejiminin süqutu və Putinin onu xilas edə bilməməsi Rusiya Federasiyasının etibarlı müttəfiq kimi qlobal imicinə də xələl gətirəcək. Bu, Kremlin dəstəkləməyə çalışdığı afrikalı avtokratlara təsir gücünü də təhlükə altına qoyur: "Əsədin süqutu həm də Rusiyanı qlobal supergüc kimi daha geniş geosiyasi məqsədlərini təhdid altına alıb".

Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifət silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Ayın 8-də səhər saatlarında onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Bəşər Əsədin vəzifəsini və ölkəni tərk etdiyi bildirilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Suriya  





Xəbər lenti