Suriya tarixində yeni mərhələ başlayıb

   Suriya tarixində yeni mərhələ başlayıb
  08 Dekabr 2024    Oxunub:1503
“Biz bu gün qaranlıq günlərin başa çatdığını və Suriya üçün yeni dövrün başlandığını elan edirik”.
AzVision.az xəbər verir ki, Suriya Ərəb Respublikasının Baş naziri Məhəmməd Qazi əl-Cəlali belə bir bəyanatla çıxış edib.

O, Əl-Ərəbiyyə telekanalı vasitəsilə xalqa müraciətində Suriya prezidenti Bəşər Əsəd hökumətinin “yıxıldığını” elan edib, həmçinin xalqın seçəcəyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bildirib.

Əl-Ərəbiyyə telekanalı qeyd edir ki, “Həyat Təhrir əş-Şam”ın (bəzi ölkələrdə qadağan olunmuş terror təşkilatıdır, əvvəllər "Cəbhət ən-Nüsrə" adlandırılıb) lideri Əbu Məhəmməd əl-Colani qoşunlara Dəməşqdəki rəsmi qurumlara yaxınlaşmamağı əmr edib və rəsmən təhvil verilənə qədər onların baş nazirin əmri altında qalacaqlarını bildirib.

Bazar günü səhər yerli media Suriya prezidentinin Dəməşqi tərk etdiyi barədə məlumat yayıb. Daha sonra Suriya terror qruplarının Dəməşq yaxınlığındakı həbsxanaya nəzarəti ələ aldıqlarını və bütün məhbusları azad etdiklərini açıqlayıb. Bundan başqa Suriya hökumətinin nazirlərinin əksəriyyətinin Dəməşqdə qaldığı bildirilir. Əsədin harada olması barədə isə dəqiq məlumat yoxdur .

Xatırladaq ki, noyabrın 29-da İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin Livandakı məğlubiyyəti fonunda terrorçuların aktivləşdirilməsini ABŞ-nin planının tərkib hissəsi adlandırdı. Cavabında Ağ Ev baş verənlərə heç bir aidiyyəti olmadığını açıqladı.

Səbinə Həsənova
AzVision.az


Teqlər:





Xəbər lenti