Ukraynalılar Vaşiqntondan əliboş qayıdıblar

Ukraynalılar Vaşiqntondan əliboş qayıdıblar
  08 Dekabr 2024    Oxunub:1039
Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandasına ölkəsinə 2022-ci il sərhədi boyunca əraziləri geri almağa kömək etməyi təklif etsə də, bu anlayışla qarşılanmayıb.
AzVision.az Ukraynanın “Novoye Vremya” nəşrinə istinadən xəbər verir ki, Yermak həmçinin ABŞ prezidentinin nümayəndələri ilə ölkəsinin NATO-ya daxil olması barədə də danışıb. Lakin Trampın komandası buna “çox biganə” yanaşıb. Nəşrin yazdığına görə, Baydenin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və ABŞ-nin Dövlət katibi Entoni Blinken də daxil olmaqla, istefaya getməyə hazırlaşan administrasiya da bunun əleyhinədir.

Bundan əlavə, Trampın nümayəndələrinin Andrey Yermakın Ukraynada cəbhədəki vəziyyətlə bağlı hekayəsindən “tam razı qalmadıqları” iddia olunur.

“Yermak cəbhədə baş verənlərdən, Ukraynadakı hazırkı vəziyyətdən danışıb. Amma amerikalıların və kəşfiyyat məlumatlarına çıxışı olan Trampın artıq Yermakın dilə gətirdiyindən daha çox məlumatı var. Buna görə də, Amerika tərəfi cəbhədəki mövcud vəziyyətlə bağlı Yermakdan aldığı məlumatla tam qane olmayıb. Onlar real vəziyyətdən xəbərdardırlar və onlara isə bir az bəzədilmiş məlumat verilir”, - Andrey Yermakın səfəri zamanı ABŞ-də olan jurnalist xanım vurğulayıb.

Ukrayna prezidentinin ofisinin rəhbərinin ABŞ-də Trampın adamları ilə görüşlərinin uzun sürmədiyi və heç bir qərarın çıxarılmadığı bildirilir. Hətta görüş ərəfəsində Yermakla bağlı “müəyyən mənfi məqamları” özündə əks etdirən “arayış”ın hazırlandığı da iddia edilir.

“Novoye Vremya” nəşrinin yazdığına görə, Trampın ətrafında Ukrayna üzrə vasitəçilərin olmasına qarşıdırlar və ABŞ prezidenti birbaşa özü danışıqlar aparmağı planlaşdırır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Yermak   ABŞ   əliboş  





Xəbər lenti