İtaliya mediası: “Sülh ssenarilərinə görə Ukrayna bölünməlidir”

      İtaliya mediası:    “Sülh ssenarilərinə görə Ukrayna bölünməlidir”
  06 Dekabr 2024    Oxunub:1070
Ukraynada müharibəyə son qoymaq üçün mövcud ssenarilər ölkənin bu və ya digər şəkildə bölünməsini nəzərdə tutur.
AzVision.az xəbər verir ki, İtaliyanın “Il Fatto Quotidiano” qəzeti hazırda nəzərdən keçirildiyi iddia olunan 3 ssenarinin hamısının, istənilən halda Ukraynanın parçalanması reallığını ehtiva edir.

“Zelenskiyə ən yaxın olan birinci variant “alman modeli”ni, yəni ölkənin iki bloka bölünməsini nəzərdə tutur. İşğal olunmamış hissə, hücum zamanı alyansın kollektiv müdafiə haqqında nizamnaməsinin 5-ci maddəsinə əsasən təminat verilməklə NATO-ya qəbul ediləcək. Ancaq həm Kreml, həm də Ağ Ev “soyuq müharibə” dövründə olduğu kimi bu cür bölünməni təhlükəli sayırlar”, - qəzet yazır.

İkinci ssenari Ukraynanın “Avropa İsraili”nə, yəni NATO-dan kənar, lakin Qərbin hərbi blokunun üzvlərinin silah şəklində dəstəyini alan ölkəyə çevrilməsini nəzərdə tutur. Bununla belə, nəşrin fikrincə, bu variant çox bahalı və risklidir. Çünki bu yolla Ukrayna bir çox Avropa dövlətlərini ötməklə öz hərbi potensialını əhəmiyyətli dərəcədə artıra bilər ki, bu da onun qonşularının, ilk növbədə, Polşanın xoşuna gəlmir.

Üçüncü varianta görə isə, Ukrayna Çin, Hindistan və Fars körfəzi ölkələri kimi NATO üzvü olmayan dövlətlərin daxil ola biləcəyi bir növ beynəlxalq missiyanın yaradılması şərti ilə parçalanır.

- Bu variant ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın yanaşmasına ən yaxındır, çünki o, Vaşinqtonun birbaşa müdaxiləsini nəzərdə tutmur. Amma hər hansı ssenariyə baxılması yalnız atəşkəs razılaşması əldə edildikdən sonra nəzərdə tutulur”, - İtaliya nəşri vurğulayır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   sülh   bölünmə  





Xəbər lenti