Orban: “ABŞ olmasa müharibə çoxdan bitərdi”

      Orban:    “ABŞ olmasa müharibə çoxdan bitərdi”
  06 Dekabr 2024    Oxunub:985
Birləşmiş Ştatlar Ukraynadakı müharibədə mühüm rol oynayır, lakin seçilmiş prezident Donald Trampın vəzifəyə başlaması ilə vəziyyət dəyişməlidir.
AzVision.az xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban belə bəyanatla çıxış edib.

“Amerika olmasaydı, bu müharibə baş verməzdi. ABŞ olmasaydı, bu münaqişə çoxdan bitərdi. Amerikanın iştirakı olmadan Ukrayna müqavimət göstərə bilməzdi. Ukrayna ətrafında kritik vəziyyət yaranıb, çünki hakimiyyətdən gedən Co Bayden administrasiyası ona mümkün olan ən geniş hərbi dəstək verməyə çalışır. Gələn Tramp administrasiyası isə bu münaqişənin sülh yolu ilə həllinə köklənib”, - Macarıstan hökumətinin rəhbəri bildirib.

O, ABŞ-nin Dövlət katibi Antoni Blinkenin Ukraynada səfərbərlik yaşının aşağı salınması təklifini isə “həyasızlıq” adlandırıb.

Viktor Orban yanvarın 20-də Trampın andiçmə mərasimi keçiriləndən və ABŞ-də hakimiyyət respublikaçıların əlinə keçəndən sonra hər şeyin öz həllini tapacağına, lakin o vaxta qədər hər şeyin əvvəlki kimi qalacağına əmin olduğunu vurğulayıb. Macarıstanın baş naziri sülh tərəfdarı, lakin çətin və təhlükəli vəziyyətdə olduğunu diqqətə çatdırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Orban   ABŞ   Ukrayna  





Xəbər lenti