İlon Mask Trampın seçki kampaniyasına nə qədər xərcləyib?
“Dünyanın ən varlı adamı İlon Mask bu ilki seçkinin son aylarında Donald Trampın prezidentlik yarışında qalib gəlməsinə kömək etmək üçün dörddə bir milyard dollardan çox pul xərcləyib. Bu “ağlasığmaz” məbləğ növbəti administrasiyanın formalaşmasında rol oynayır. Abortla bağlı mövqeyini yumşaltmaqla Trampa kömək etməyə çalışan Ali Məhkəmənin hakimi Rut Beyder Ginzburqun adına siyasi fəaliyyət komitəsini dəstəkləmək üçün 20 milyon dollar ianə də bu məbləğə daxildir”, - qəzetdə dərc olunan materialda deyilir.
NYT Maskın ABŞ seçkilərinə sərf etdiyi ümumi xərclərin həcminin hələ məlum olmadığını və yəqin ki, heç vaxt da açıqlanmayacağını yazıb.
Əvvəllər də özünün “X” sosial şəbəkəsindəki paylaşımlarında dəfələrlə Donald Trampı dəstəkləyən İlon Mask illər keçdikcə daha çox siyasi fəallıq sərgiləyir və müntəzəm olaraq elə bu sosial şəbəkədə Amerika siyasətini şərh edir.
Maraqlıdır ki, o, əvvəllər həm demokratları, həm də respublikaçıları açıq şəkildə tənqid edərək, heç bir partiyanı dəstəkləmədiyini bildirsə də, zaman keçdikcə fikirlərinin getdikcə sağçılığa meylləndiyini çevrildiyini və artıq bu il Respublikaçılar Partiyasını dəstəklədiyini açıq şəkildə açıqladı.
Xatırladaq ki, 2016-cı il seçkilərindən sonra artıq ABŞ prezidenti vəzifəsini tutmuş Donald Tramp bu ili noyabrın 5-də keçirilən prezident seçkilərində qalib gəlib. O, 19-cu əsrdən bəri dörd illik fasilədən sonra Ağ Evə qayıdan ilk ABŞ siyasətçisidir. Trampın qələbəsini səslərin sayılması ilə məşğul olan bütün aparıcı media orqanları - Associated Press, Fox News, CNN, NBC, ABC və CBS elan ediblər.
Ştatları təmsil edən Seçicilər Kollegiyası dekabrın 17-də seçicilərin iradəsinə uyğun olaraq namizədlərə səs verməli və yanvarın 6-da yeni Konqres səsvermənin nəticələrini təsdiq etməlidir. Yeni prezidentin andiçmə mərasimi isə yanvarın 20-də baş tutacaq.
Sahil İsgəndərov
AzVision.az