Fransa hökuməti dağıldı. Sonra nə olacaq?

   Fransa hökuməti dağıldı. Sonra nə olacaq?
  05 Dekabr 2024    Oxunub:1634
Parlament etimad göstərmədiyinə görə Fransa hökuməti dağılıb. 1962-ci ildən bəri ilk dəfədir ki, belə bir hal baş verir.
Hər şey baş nazir Mişel Barnyenin artan büdcə kəsiri ilə mübarizə üçün vergiləri çoxaltmaq və 60 milyard avroluq ixtisar planlarını ehtiva edən 2025-ci il büdcəsini parlamentdə səsə qoyulmadan qəbul etmək üçün Konstitusiyanın 49.3-cü maddəsinə istinad etməsindən sonra başlayıb. Müxalifəti heçə sayması onu solçu "NFP" koalisiyası və ifrat sağçı “Milli Ralli” partiyasının deputatları ilə qarşı-qarşıya qoyub. Müxalifət partiyalarını sakitləşdirmək mümkün olmayıb və 331 deputat baş nazirin əleyhinə səs verib. Halbuki, hökuməti devirmək üçün cəmi 289 etimadsızlıq səsi kifayət idi. Baş nazir bu səhər Yelisey sarayında istefa ərizəsini rəsmən təqdim edəcək.


Beləliklə, Fransanı nə gözləyir?

Hələ 2024-cü ilin iyun ayında partiyasının Aİ seçkilərində sarsıdıcı məğlubiyyətindən sonra parlamenti buraxan Fransa prezidenti Emmanuel Makron istefaya getmiş baş nazir Qabriel Attaldan müvəqqəti olaraq hökumətin başında qalmasını istəmişdi. Halbuki, Attalın istefasından bir həftə sonra parlamentdə səs çoxluğu ilə qalib gəlmiş solçu koalisiya (NFP) baş nazir postuna Lyusi Kastetsi seçmişdi. Kastetsi kənara itələyən Makron, dediyinə görə, ölkədə keçirilən Olimpiya oyunları zamanı intizamsızlıq yaranmasın deyə belə bir tələb irəli sürmüşdü.


Çox güman ki, Fransa prezidenti Attal kimi Mişel Barnyedən də müvəqqəti qalmasını istəyəcək. Ya da gərək Makron təcili yeni baş nazir tapsın. Prezident bir müddət əvvəl 24 saat ərzində çevik hərəkət etmək niyyətində olduğunu bildirib.

Yeni baş nazirin namizədliyini irəli sürmək Makronun ixtiyarındadır, bunun üçün ondan konkret vaxt tələb olunmur. Cümə axşamı yerli vaxtla axşam saat 8-də televiziya ilə çıxışında onun namizədinin kimliyini açıqlayacağı gözlənilir. Yayda indikinə bənzər vəziyyətdə Makron namizədinin adını iki ay sonra bəyan etmişdi. Lakin bu dəfə yeni baş nazir seçmək elə də asan olmayacaq. Çünki Fransanın hazırkı parlamenti şaxələnmiş vəziyyətdədir və çoxluqla azlıqlar arasında elə də böyük bir fərq yoxdur.


Üstəlik, qanunverici orqana yeni seçkilər yalnız gələn ilin iyulunda keçirilə bilər.
Bu arada, müvəqqəti hökumət cari işləri sürətləndirməli olacaq və yeni qanunlarla bağlı səs verə bilməz.

Növbəti baş nazir kim ola bilər?

Çərşənbə günündən bu yana hazırki müdafiə naziri Sebastiyan Lekornu , keçmiş daxili işlər naziri Bernar Kaznev və mərkəzçi MoDem partiyasının lideri Fransua Bayrou da daxil olmaqla dillərdə bir neçə ad dolaşır. Solçu NFP koalisiyasını təşkil edən bəzi partiyalar bu dəfə də iqtisadçı və dövlət qulluqçusu olan Lyusi Kastetsin adını çəkirlər. Yeri gəlmişkən, Kastets də hökumətin başına keçməyə hazır olduğunu açıqlayıb.


Makron bu yay baş nazirin kimliyinə təkbaşına qərar verdiyinə, siyasi partiyaları proseslərdən kənarda saxladığına görə çox tənqid olundu.
Politoloq və hüquqşünas, professor Fransua-Xavier Millet hesab edir ki, "Əgər bu dəfə prezident daha bir hökumətin dağılmasını istəmirsə, deputatlara daha konsensual təkliflər irəli sürməyə icazə verməli olacaq".

Lakin ictimai rəy üzrə ekspert və siyasi məsləhətçi Emmanuel Rivyerə görə, baş nazir seçimində diqqət konkret şəxsə yönəlməli deyil, layihələr ətrafında cəmlənməlidir.
-Bizim layihərə və razılaşmalara ehtiyacımız var, şəxsiyyətə yox. Seçim etmək Makrona qalmayıb. Büdcə kələfinin ucunu tapmaq üçün razılaşma lazımdır. Gələcək nazir Fransanın 2025-ci il üçün büdcəsinin varlığına inandıra biləcək xüsusi missiyasılı təmiz bir texnokrat ola bilər”,- o, deyir.

Makronu nə gözləyir?

Makronun prezidentlik müddəti 2027-ci ilin yazında bitsə də, bəzi partiyalar onu parlamenti buraxmaq qərarından sonra yaranmış siyasi xaosa görə istefaya çağırırlar. Bu, siyasi böhran səbəbindən həm ölkə daxilində, həm də xaricdə nüfuzdan düşən Fransa prezidentinə növbəti zərbədir. Ifop-un noyabrın sonunda keçirdiyi rəy sorğusunun nəticələrinə görə, fransızların yalnız 22%-i Makrondan razıdır . Təbii ki, Makronun istefası mümkündür. Ancaq bu, ölkədə xaosa, çaşqınlığa səbəb ola bilər. Çoxluğu da azlıqda olan çoxtirəli parlament isə heç nəyi dəyişə bilməyəcək: Fransız deputatlar " Ayı və şir " təmsilindəki kimi, biri-birilərini "didəcəklər".

Bəs büdcə?

Fransa qanunlarına görə, dekabrın 20-nə qədər səsə qoyulmasa, hökumət büdcəni sərəncamla qəbul etmək üçün konstitusion səlahiyyətlərindən istifadə edə bilər. Sosial təminat büdcəsinə gəlincə, sərəncam 50 günlük dirənişdən, milli büdcə isə 70 günlük müzakirədən sonra həyata keçirilə bilər. Başqa bir qanunla 2024-cü ilin büdcəsi uzadılaraq 2025-ci ildə də tətbiq edilə bilər ki, bu, yalnız müvəqqəti həll yoludur.


Fransada ABŞ-dəki kimi qapadılma riski olmasa da, siyasi qeyri-sabitlik investorları qorxuda bilər. Bundan başqa, Fransaya xərclərinə görə Aİ-dən də təzyiqlər böyükdür. Aİ-nin fiskal qaydaları 3%-lik həddin altına düşməməyi tələb etsə də, ölkənin kəsiri ÜDM-nin 6%-i səviyyəsindədir.

Səbinə Həsənova
AzVision.az


Teqlər: Fransa   Böhran  





Xəbər lenti