“Onların Heydər Əliyevə can borcu var”

  18 İyul 2014    Oxunub : 347
“Onların Heydər Əliyevə can borcu var”
Baş nazir Artur Rasizadə, onun müavinləri Elçin Əfəndiyev, Abid Şərifov YAP üzvü deyillər.
AzVision.az “Media forum” saytına istinadən Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzovla müsahibənin ikinci - sonuncu hissəsini təqdim edir.

- Siyavuş müəllim, hətta Azərbaycanı və Xalq Cəbhəsini sevməyənlər belə etiraf edirlər ki, bu təşkilatın sovet imperiyasının dağılmasında böyük rolu olub. Sizcə, Azərbaycan tarixində oynadığı müstəsna rola görə AXC-nin 25 illik yubileyinin daha yüksək səviyyədə qeyd edilməsinə şərait yaratmaq doğru olmazdımı?

- Mən bununla bağlı geniş açıqlama vermək istəyirəm. Tez-tez deyirlər ki, əgər Azərbaycanda mitinqlər başlamasaydı, SSRİ dağılmayacaqdı. Bu, tamamilə yanlış, kökündən yanlış, insanları aldatmağa xidmət edən fikirlərdir.

Əvvəla, Xalq Cəbhəsi ilə xalq hərəkatı ayrı-ayrı məsələlərdir. 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində bütün dünyaya məlum idi ki, uzun illər davam edən gərgin soyuq müharibədən sonra SSRİ dağılacaq. Bunun obyektiv və subyektiv səbəbləri vardı. Obyektiv səbəblər ondan ibarət idi ki, SSRİ-nin iqtisadiyyatı getdikcə dağılırdı və inkişafı yox idi. Əhalinin yaşayış səviyyəsi aşağı idi. Ərzaq mağazalarında heç nə tapılmırdı. Ölkə öz əhalisinin tələbatını ödəyə bilmirdi. Eyni zamanda insanların hüquq və azadlıqları əlindən alınmışdı. SSRİ rəhbərliyi korrupsiya və rüşvətxorluğa qurşanmışdı. 1982-ci ildə ölkə rəhbəri Leonid Brejnevin ölümündən sonra SSRİ-nin dağılacağı hamıya aydın idi və dağılacaqdı. AvropaABŞ SSRİ-nin dağılması üçün var qüvvəsi ilə çalışırdı.

Azərbaycana gəlincə, xalq hərəkatı siyasi hüquqlarla əlaqədar yaranmadı. Sonradan siyasi hüquq və siyasi tələblər ortaya qoyuldu. Azərbaycanda xalq hərəkatı Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə yaranıb. Xalq hərəkatı kortəbii şəkildə başladıqdan sonra ona doğrudan da Azərbaycanın tanınmış ziyalıları, cəmiyyət arasında qəbul olunan, hörmət edilən Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Ziya Bünyadov, Anar kimi şəxslər rəhbərlik edirdi. Sonradan sovet DTK-sının öyrətdiyi və onlara xidmət edən adamlar xalq hərəkatının içərisinə daxil olaraq onu parçalayan Xalq Cəbhəsi yaratdılar. Bu gün də həmin dövrün adamlarının əksəriyyəti bu faktı birbaşa təsdiqləyir. AXC İdarə Heyətində əksəriyyət həmin DTK-ya xidmət edirdi. Xalq Cəbhəsi İdarə Heyətinin ilk tərkibini götürün, siyahıya baxın, mənim dediklərim öz təsdiqini tapacaq, bunların hamısı aydın şəkildə bəllidir. Prosesi yetişməmiş dağıtmaq sovet DTK-sının iş sistemi idi.

İndi deyirlər biz azadlıq meydanında mitinqlər keçirməsəydik, Azərbaycan müstəqil olmayacaqdı. Özbəkistan müstəqilliyini bizdən qabaq elan edib. Bu ölkədə bir dəfə mitinq olub? Yox. Qırğızıstan, Tacikistan, Moldova da bizdən əvvəldir. Hətta ittifaqdan birinci çıxan Rusiya, Ukrayna, Belarusdur. Azərbaycanı o vaxt idarə edənlərin ucbatından ölkə öz müstəqilliyini elan edənlər içərisində axırdan üçüncü-dördüncü yerdədir. Dediyim ölkələrin heç birində milli azadlıq hərəkatı da olmayıb, Xalq Cəbhəsi də yaranmayıb. Amma hər biri öz müstəqilliyini bizdən də ağrısız-acısız elan edib. Bizdə isə təxribatlar Azərbaycanın hissə-hissə işğal olunmasına gətirib çıxardı.

- Hesab edirsiniz ki, Xalq Cəbhəsi Azərbaycan siyasi tarixində heç bir müstəsna rol oynamayıb?

- Əksinə, Xalq Cəbhəsi Azərbaycanın müstəqilliyinin daha rahat şəkildə əldə olunmasına maneə törədən təşkilatlardan biridir.

- Hakimiyyətin apardığı siyasi və ideoloji təbliğat ondan ibarətdir ki, Azərbaycanda hər şey mərhum prezident Heydər Əliyev və Yeni Azərbaycan Partiyasının adı ilə bağlıdır. Sizə elə gəlmir ki, “hər şey bizdən başlayır, biz gəldik, hər şeyi yaratdıq, biz olmasaydıq heç nə olmazdı, biz getsək hər şey dağılar, ölkə məhv olar” yanaşması sovet ideologiyasının total təbliğatına oxşayır və insanlar bu köhnəlmiş təbliğatı qəbul etmirlər?

- Yox, elə deyil. Bəziləri və Xalq Cəbhəsinin bir qolu da belə fikirlər söyləyir. Biz o vaxtkı dövrü nəzərə almalıyıq. Yeni Azərbaycan Partiyası nə vaxt yarandı? Azərbaycanda partiyalar var idi, YAP zərurətdən yarandı. Və insanlar, Azərbaycanın tanınmış ziyalıları gördü ki, Xalq Cəbhəsi ölkəyə rəhbərlik edə bilmir. Bu cür ölkə nə inkişaf edə bilərdi, nə də irəli gedə bilərdi. Bax, ona görə deyirik YAP zərurətdən yarandı.

- Bu gün vəzifəyə yalnız YAP üzvləri təyin olunur, başqa partiyanın üzvü olub vəzifə alan yoxdur...

- Bu gün insanlar kifayət qədər təcrübə toplayır, karyera yollarını keçir, sonra vəzifəyə götürülürlər. Azərbaycanda başqa partiya nümayəndələri, bitərəf olan vəzifəlilər də var. Baş nazir Artur Rasizadə, onun müavinləri Elçin Əfəndiyev, Abid Şərifov YAP üzvü deyillər.

- Onlar niyə YAP-a üzv olmurlar?

- Azərbaycanda təkpartiyalı sistem deyil ki, hamı bir partiyanın üzvü olsun. Ölkənin idarə edilməsində bütün insanlar iştirak edir. Hazırda altı-yeddi nazir, bəzi komitələrin sədrləri YAP üzvü deyillər. Eyni zamanda bəzi rayon və şəhər icra hakimiyyətlərinin başçıları, müxtəlif dövlət vəzifəsi tutan şəxslər arasında YAP üzvü olmayanlar var.

- Onlar niyə YAP-a üzv olmurlar, partiyaya inanmırlar, yoxsa müraciət ediblər, partiya onları qəbul etməyib?

- Hər kəsin öz baxışı, dövlət idarəçiliyində öz xətti var. Bu gün prezident onlara bu sahədə etimad göstəribsə, onlar öz işi, fəaliyyəti ilə dövlətə xidmət edirlər. Əgər işinin öhdəsindən gəlməyəcəksə, onda tamam başqası ilə əvəz ediləcək.

- Qayıdaq Xalq Cəbhəsinin xidmətlərinə. AXC hakimiyyəti dövründə rus qoşunlarının Azərbaycandan çıxarılması faktını qəbul edirsinizmi?

- Bunu cəmiyyətə elə sırıyırlar ki, gülməli çıxır. 15 müttəfiq respublikanın hansında rus qoşunu qalmışdı?

- Gürcüstanda, Tacikistanda, Ermənistanda...

- Azərbaycanda da qalmışdı da. Ermənistanda Gümrü bazasında, Gürcüstanda Axalkalakidə, Azərbaycanda Qəbələdə qalmışıdı. Bu ölkələrin sərhədlərində hər hansı qoşun qalmışdımı? Dnestryanı bölgəsini çıxsaq – Moldovada, Ukraynada, Belarusda, Asiya ölkələrində rus qoşunu qaldı? Azərbaycan müstəqilliyini əldə etmişdi. Artıq rus qoşunu burada nə etməli idi ki? Rus qoşunu hər bir müttəfiq ölkədə vardı. Bircə Tacikistan öz xahişi ilə sərhədlərini Əfqanıstanla qorumaq üçün saxladı, hələ ordusunu formalaşdırmamışdı. İmkanları zəif olan Qırğızıstandan da rus qoşunları çıxarıldı.

İndi tez-tez deyirlər ki, rus qoşunlarını Azərbaycandan Xalq Cəbhəsi çıxarıb. Əslində rus qoşunları birinci Azərbaycanın Naxçıvan bölgəsindən çıxarılıb. Bunu da ümummilli lider Heydər Əliyev edib. Fərq isə ondan ibarət idi ki, rus qoşunları Naxçıvandan çıxarılanda bütün silah, sursat, texnika saxlanıldı. Azərbaycanın digər yerlərində olan rus qoşunları çıxarılanda isə bütün silahı, sursatı, texnikanı özləri ilə apardılar. Apara bilmədiklərini də xarab edib getdilər.

İddia edirlər ki, Xalq Cəbhəsi ordu yaradıb, ordu quruculuğunda böyük uğurlar qazanıb. Soruşmaq lazımdır ki, əgər ordu qurmuşdunuzsa, onda niyə Surət Hüseynovun kiçik bir dəstəsinin qabağında davam gətirə bilmədiniz? Niyə həmin ordu o dəstənin qarşısını ala bilmədi? Əgər ordu quldur dəstəsinin qarşısında davam gətirə bilməyibsə, ölkənin müstəqilliyi təhlükə altına düşmüşdüsə, prezident, dövlətin başqa rəhbər şəxsləri hərəsi bir tərəfdə qaçıb gizlənmişdisə, onda hansı ordudan danışırlar? Hansı ordunu qurmuşdular?

Qarabağda yerləşən iki strateji rayondan biri olan Kəlbəcər də Xalq Cəbhəsinin dövründə işğal olunub. İkinci strateji rayon olan Laçının işğalında da Xalq Cəbhəsinin separat hərəkətlərinin rolu çox böyükdür. Elə Şuşa da onların günahına görə işğal olunub.

- Sizin opponentləriniz də deyirlər ki, 1992-93-cü illərdə Azərbaycanda baş verən mənfi proseslərdə o zaman Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyevin böyük rolu olub, o cümlədən Surət Hüseynovun Gəncədə qiyam qaldırmasının, ölkənin başqa bölgələrində baş verən proseslərin arxasında Heydər Əliyev dayanıb, hadisələri idarə edib. Bununla razısınız?

- Qətiyyən belə bir hal olmayıb. Bu məsələlər dəfələrlə istintaq tərəfindən araşdırılıb, yoxlamalar aparılıb. Mən o zaman baş verən proseslərin birbaşa iştirakçısı olmuşam, işlərin içində olmuşam. Tam əminliklə deyə bilərəm ki, rəhmətlik Heydər Əliyev Surət adlı adam tanımırdı, tanıması da mümkün deyildi. Surətə polkovnik rütbəsi, Milli Qəhrəman adı verən Əbülfəz Elçibəy idi. Xalq Cəbhəsi Surəti prezidentin Qarabağ üzrə xüsusi nümayəndəsi təyin etmişdi, bütün qoşunları ona tabe etdirmişdi. Onu o qədər şişirtdilər ki, axırda hakimiyyət iddiasına düşdü, fikirləşdi ki, elə özüm hakimiyyətə gəlib idarə edərəm. Burda Heydər Əliyevin nə rolu ola bilərdi?

- Amma Heydər Əliyev Surət Hüseynovu baş nazir təyin etdi...

- Bu, zərurətdən və məcburiyyətdən irəli gələn addım idi. Çünki ölkədə çox ağır vəziyyət yaranmışdı. Elçibəyin hakimiyyətinin bütün hüquq mühafizə orqanları Surətə təslim olmuşdu. Surət baş prokuror İxtiyar Şirinovu, milli təhlükəsizlik nazirinin müavini Sülhəddin Əkbərovu həbs etmişdi, Prezident Qvardiyasının əsgərlərini güllələmişdilər. Onlar bir növ quru yurdda qalmışdılar. Onların hər birinin Heydər Əliyevə bir can borcu var. Əgər Heydər Əliyev gəlməsəydi, Surət onların hamısını dar ağacından asacaqdı.

AzVision.az

Teqlər: