Türkiyədə hərbi təhsil almaq istəyənlərin nəzərinə

Türkiyədə hərbi təhsil almaq istəyənlərin nəzərinə
  18 İyul 2014    Oxunub:3502
2014/2015- cü tədris ili üçün Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xətti ilə Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə kursant qəbulu elan edilir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, müsabiqədə TQDK tərəfindən bu il mülki ali məktəblərin I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 200 və daha yüksək bal toplamış göstəricilərə malik olan bəzi abituriyentlər iştirak edə bilərlər.

16 - 20 yaş arasında olan Azərbaycan vətəndaşları (yalnız oğlanlar), yaşa uyğun olaraq qəbul edən dövlət tərəfindən müəyyən olunmuş boy və çəki normalarına uyğun gələn (18 yaşdan aşağı olan namizədlər üçün minimum boy/çəki standartları: müvafiq olaraq 16 yaş üçün - 163 sm və 48 kq, 17 yaş üçün 168 sm və 52 kq-dır; 18 və yuxarı yaşlı namizədlər üçün minimum boy/çəki standartları - 169 sm və 54 - 74 kq arası), sağlamlıq baxımından, o cümlədən psixoloji durumu ilə bağlı hər hansı bir problemi olmayan, müvafiq xəstəxanadan "Hərbi müdavim ola bilər" qeyd olunmuş arayış əldə edən, nişanlı, evli, dul olmayan və ya hər hansı bir qadınla nikahsız olaraq birlikdə yaşamayan, eləcə də cinayət məsuliyyətinə cəlb olunmayan, nitqində hər-hansı bir problemi, kəkələmə, pəltəklik və s. bu kimi qüsurlar olmayanlar daxildir.

Müsabiqədə iştirak edəcək namizədlər Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi həkim komissiyasından keçdikdən sonra Daxili Qoşunların Baş İdarəsində fiziki hazırlıq üzrə yoxlamalara cəlb olunurlar. Fiziki hazırlıq üzrə yoxlamalardan keçmiş namizədlər Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Hərbi Attaşeliyi və Hərbi işbirliyi üzrə Koordinasiya Qərargahı tərəfindən keçiriləcək müsahibədə iştirak edirlər. Fiziki hazırlıq üzrə yoxlamaların və müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstəricilər əldə etmiş 7 nəfər namizəd Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə təhsil almağa göndəriləcək. Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə qəbul olan kursantlar təhsil müddətində pulsuz yemək, geyim forması və yataqxana, eləcə də xərcliklə təmin olunurlar.

Təhsil müddəti 4 ildir. Kursantlar təhsili bitirdikdən sonra əlavə olaraq 1 illik təkmilləşmə kursuna cəlb olunacaqlar. Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbini müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaq və yaşayış yeri ilə təmin ediləcəklər.

I kursda kursantlar hərbi and içir və Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilirlər. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Müsabiqədə iştirak etmək istəyənlər iyulun 21-dən 30-dək TQDK-ya müraciət edə bilərlər.

AzVision.az


Teqlər:  





Xəbər lenti