Vəkillər Kollegiyasının rəhbərliyi yeni hakim təyin olunan vəkilləri təbrik və təltif edib - FOTOLAR

      Vəkillər Kollegiyasının rəhbərliyi yeni hakim təyin olunan vəkilləri təbrik və təltif edib    -    FOTOLAR
  27 Noyabr 2024    Oxunub:999
Noyabrın 27-də "De Fendo" Vəkil Bürosunda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) rəhbərliyi hakim vəzifəsinə yeni təyin edilən vəkilləri təbrik və təltif edib.
AzVision.az xəbər verir ki, görüş zamanı ARVK-nın sədri Anar Bağırov yeni təyin olunan hakimləri salamlayaraq onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sədr diqqətə çatdırıb ki, demokratik hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Eyni zamanda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi sahəsində görülən işlərdən, Məhkəmə-Hüquq Şurasının fəaliyyətindən, hakimlərin seçilməsi ilə bağlı keçirilən müsabiqələrdən, habelə gənc və yüksək ixtisaslı kadrların irəli çəkilməsindən danışan Anar Bağırov ARVK-nın Şurada və Hakimlərin Seçki Komitəsində uğurla təmsil olunduğunu dilə gətirib.

Həmçinin sədr hakim təyin olunan vəkillərin öz savad və bacarıqları ilə məhkəmə-hüquq islahatlarına töhfə verəcəklərinə əminliyini vurğulayaraq, şərəfli hakim adını hər zaman uca tutmağı, şəffaf fəaliyyət göstərmələri üçün vacib olan prinsiplərə əməl etməyi tövsiyə edib.

Prezidentin 19 noyabr 2024-cü il tarixli Sərəncamı ilə təyin edilən hakimlərdən məhz 8 nəfərin Kollegiyanın üzvü olduğunu nəzərə çatdıran Anar Bağırov bunu çox yüksək göstərici kimi qiymətləndirib. Sədr göstəricilərə əsasən hazırda vəkilliyin digər sahələrlə yanaşı, məhkəmə hakimiyyəti üçün də kadr bankına çevrildiyini söyləyib.

Diqqətə çatdırılıb ki, vakant hakim vəzifələrinə qəbulla bağlı elan edilən müsabiqədə yüksək bilik nümayiş etdirən ARVK-nın 8 üzvü - Nəbiyev Rəmzi Sultan oğlu Şirvan Kommersiya Məhkəməsinə Nuriyev Aqil Abdul oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinə, Qənbərov Tağı Ədalət oğlu Tərtər Hərbi Məhkəməsinə, Həsənov Teymur Həsən oğlu Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə, Məmmədova Günel İqbal qızı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə, Meybullayeva Şəfiqə Eldar qızı Astara Rayon Məhkəməsinə, Bayramov Samir Zakir oğlu Xaçmaz Rayon Məhkəməsinə və Hüseynov Elşən Təbrizoviç isə Masallı Rayon Məhkəməsinə Prezidentin 19 noyabr 2024-cü il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin olunublar.

Daha sonra Anar Bağırov hakim vəzifəsinə təyin edilən şəxslərə Kollegiyanın Rəyasət Heyətinin qərarına əsasən onların təltif olunduğu Fəxri Fərmanları təqdim edib.

Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə fotoşəkli çəkdirilib.

Qalereya




Teqlər:





Xəbər lenti