“X” kəpənəyə məğlub olur

// Mikroblogerlər kütləvi şəkildə “Bluesky”a köçürlər

   “X” kəpənəyə məğlub olur
  17 Noyabr 2024    Oxunub:359
Amerikada keçirilən prezident seçkisində Donald Tramp qalib gələndən sonra yüz minlərlə istifadəçi “X” (keçmiş “Twitter”) sosial şəbəkəsini tərk edərək, “Bluesky”a keçib. Son həftələrdə “Bluesky”ın istifadəçilərinin sayı daha 1 milyon artaraq, 14,5 milyona çatıb. Onlar seçimlərini seçki dövründə “X” sosial şəbəkəsində dezinformasiya və təhqirlərin artması ilə izah ediblər.
“The Guardian”ın məlumatına görə, ümumilikdə sentyabrdan bəri “Bluesky”ın auditoriyası 5,5 milyon nəfər artıb. Sosial şəbəkələrin tədqiqatçısı Aksel Bruns qəzetə açıqlamasında deyib ki, “Bluesky”da dezinformasiya və təhqir yayan mənbələrin bloklanması və istifadəçilərin davranışlarının tənzimlənməsi sistemi daha effektv işləyir. Ona görə də keçmiş “Twitter” kimi bir platforma istəyən, eyni zamanda, ifrat sağ fəallıqdan, dezinformasiyalardan, ksenofob çıxışlardan, botlardan bezən istifadəçilər “Bluesky”a köçürlər.

Mikrobloq ünvanını dəyişənlərin arasında məşhur şəxslər və siyasi xadimlər də var. ABŞ Konqresinin Nyu-Yorkdan seçilmiş üzvü Aleksandriya Okasio-Kortes onların arasındadır. O, ilk postunda “X” şəbəkəsində botların meydan sulamasna işarə edərək, belə yazıb: “İlahi, real insanlarla eyni virtual məkanda olmaq nə yaxşıdır!”


Xatırladaq ki, “X” sosial şəbəkəsindən ilk axın 2022-ci ilin sonunda İlon Mask platformanı alaraq, adını dəyişəndə baş vermişdi. Bu ilin sentyabrında “X” Braziliyada qadağan olunanda isə daha 3 milyon istifadəçi oranı tərk etmişdi.

"Bluesky" vaxtilə keçmiş “Twitter”in tərkibində yaranmışdı, 2022-ci ildən müstəqil şirkətdir.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Sosial-şəbəkə   Bluesky  





Xəbər lenti