BMT-nin Baş katibi inkişaf etmiş ölkələri iqlim böhranına görə tənqid edib

BMT-nin Baş katibi inkişaf etmiş ölkələri iqlim böhranına görə tənqid edib
  13 Noyabr 2024    Oxunub:640
G20 ölkələri dünyadakı emissiyaların 80 faizinin yaranmasına cavabdehdir. Sizin qəzəbli olmağa tam haqqınız çatır, mən də qəzəbliyəm. Çünki baş verən bu ədalətsizlik dənizlərin səviyyəsinin yüksəlməsi nəticəsində sizin adaların gələcəyini təhlükə altına alır, sakinlər təbii fəlakətlərdən əziyyət çəkir, iqtisadiyyata böyük zərbə dəyir. Bu ədalətsizliyə son qoyulmalıdır.
AzVision.az xəbər verir ki, bu fikirləri BMT-nin Baş katibi Antonio Quterreş COP29 çərçivəsində İnkişaf Etməkdə olan Kiçik Ada Dövlətlərin (SIDS) iqlim dəyişmələrinə həsr olunmuş Liderlər Sammitində səsləndirib.

O bildirib ki, inkişaf etməkdə olan kiçik ada dövlətləri iqlim mühafizəsi ambisiyalarının necə olmasını bütün dünyaya nümayiş etdirirlər. Dünya bu ölkələri dəstəkləməli, 1,5 dərəcə hədəfini qorumaq üçün səyləri əsirgəməməli, milli iqlim fəaliyyət planlarını inkişaf etdirməlidir. Bu isə öz növbəsində 2030-cu ilədək qlobal emissiyaların ildə doqquz faiz azalması ilə nəticələnə bilər.

Baş katib diqqətə çatdırıb ki, kiçik ada dövlətləri yaranmasında heç bir rol oynamadıqları böhranın öhdəsindən gəlməkdə dəstəyə layiqdirlər. Bu məqsədlə də iqlim maliyyələşməsinin uğurla razılaşdırılması tələb olunur.

Qeyd edilməlidir ki, SIDS iqlim dəyişmələrinin mənfi təsirlərinə məruz qalan həssas ölkələr kateqoriyasında yer almaqdadır. Adalardan ibarət və sahil ölkələrini öz sıralarında birləşdirən alyans dəniz səviyyəsinin artması və qlobal istiləşmənin digər fəsadlarını beynəlxalq müzakirələr gündəliyinə çıxarır. Alyansa 39 dövlət və beş müşahidəçi ölkə daxildir.

AzVision.az



Teqlər: COP29  





Xəbər lenti