Müəllimlərə kredit ödətdirən direktor dilə gəldi - VİDEO

ANS TV-nin məlumatına görə, bununla bağlı sözügedən məktəbin müəllimləri ilə həmsöhbət olduq. Nədənsə məktəb müəllimlərinin yalnız ikisi təyin olunan yerə gələ bildi. Özünün dediyinə görə, 18 ildir ki, musiqi müəllimi işləyən Kifayət Rzayeva direktor İradə Murquzovanın təkidilə bankdan 4 min AZN kredit götürüb. Ancaq direktor bu borcu qaytarmaqdan imtina edib. Nəticədə müəllimi məhkəməyə dəvət ediblər. Məlum olub ki, direktor krediti aybaay geri qaytarmayıb.
Digər bir müəllim Nərgiz Şirinovanın isə əsas şikayəti direktorun ona az dərs saatı verməsidir. Hətta, direktor yaşının çox olmasından ondan işini tərk etməsini tələb edib. Bundan başqa Nərgiz xanım da direktorun digər müəllimlərə bankdan kredit götürməsini və ona verməsi tələbini təsdiqlədi.
Problemlə bağlı ilk olaraq 171 saylı tam orta məktəbə üz tutduq. Məktəbin direktoru yerində olmadığından onunla yalnız telefon əlaqəsi saxlaya bildik. Direktor İradə Murquzova məktəbin müəllimi olan Kifayət Rzayevadan borc şəklində pul aldığını təsdiqlədi. Ancaq o bildirdi ki, müəllimin bankdan pul götürməsindən xəbəri olmayb. Baxmayaraq ki, bankdan pul krediti üçün tələb olunan arayışda məktəb rəhbərliyinin imzası yer alır.
Bundan başqa İradə xanım onu da bildirdi ki, məktəbdə musiqi müəllimi kimi fəaliyyət göstərən Kifayət Rzayevadan başqa heç kimdən borca pul almayıb. Qaldı ki, riyaziyyat müəllimi kimi fəaliyyət göstərən Nərgiz Şirinovanın dediklərinə, direktor şagird və valideynlərin narazı olduğunu əsas gətirərək müəllimin dərs saatlarını azaldıb.
Problemlə bağlı Təhsil Nazirliyi ilə də əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən məsələnin Bakı Şəhər Təhsil İdarəsinin səlahiyyətləri çərçivəsində araşdırıldığı bildirildi. Baş təhsil idarəsi də problemdən xəbərdar olduğunu və araşdırmalara tez bir zamanda yekun vurulacağını açıqladı.
Teqlər: