“Bakı-2015” üçün yeni təyinat

  16 İyul 2014    Oxunub : 625
“Bakı-2015” üçün yeni təyinat
“PJF Group” konsaltinq şirkətinin təsisçisi və rəhbəri, əslən Avstraliyadan olan Paul Foster “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) protokol şöbəsinin direktoru vəzifəsinə təyin edilib.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, P.Foster bu ilin avqustunda yarım ştat, noyabrdan isə tam ştat əsasla Əməliyyat Komitəsinə qoşulacaq. O, Avropa Olimpiya komitələrində aparıcı rol oynayan bütün maraqlı tərəflərə yüksək səviyyəli xidmətlər göstərməklə Avropa Ailəsi Əməliyyatları komandasına rəhbərlik edəcək.

P.Foster Olimpiya hərəkatı sahəsində geniş biliyə malikdir. O, əvvəllər Beynəlxalq Olimpiya komitələrində protokol, tədbirlər və qonaqlarla iş şöbəsinin rəhbəri vəzifəsini icra edib. Bununla yanaşı, 2004-cü il Afina, 2008-ci il Pekin, 2012-ci il London Yay, eləcə də 2010-cu il Vankuver, 2014-cü il Soçi Qış Olimpiya Oyunları, həmçinin 2016-cı il Rio-de-Janeyroda təşkil olunacaq Olimpiada üçün hazırlıq işlərində çalışıb.

BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, P.Foster Oyunlar sahəsində geniş, dərin təcrübəyə malikdir. Onun beynəlxalq aləmdə nüfuzu və idmana olan həvəsi BEGOC komandasının sıralarını xeyli genişləndirəcək, Azərbaycanın və Avropanın fəxr edəcəyi yarışların keçirilməsinə kömək edəcəkdir.

Beynəlxalq Olimpiya Komitəsi üçün çalışmaqla yanaşı, 2000-ci il Sidney Yay, 2002-ci il Solt-Leyk-Siti və 2006-cı il Turin Qış Olimpiya Oyunlarının Təşkilat komitələrində də iş təcrübəsinə malik olan P.Foster deyib: “Mən “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinə qoşulmaqdan məmnunluq hissi keçirirəm. İlk Avropa Oyunlarının bir parçası olmaq imkanını əldə etmək, bu cür istedadlı komandaya qoşulmaq mənim üçün çox həyəcanverici və şərəfdir. Gələcəkdə keçiriləcək bütün Avropa Oyunları üçün etalona, yaxud standarta çevriləcək bir təcrübəni paylaşmaq üçün yerli və xarici maraqlı tərəflərlə işləməyi səbirsizliklə gözləyirəm”.

P.Foster, həmçinin Roma və Nyu-York universitetlərində beynəlxalq əlaqələr üzrə professor köməkçisi vəzifəsində çalışır.

Gələn il iyunun 12-dən 28-dək keçiriləcək “Bakı-2015” Avropa Oyunları həyəcanverici və innovativ kompleks idman yarışları olmaqla qitənin bu qəbildən ilk tədbiri kimi tarixə yazılacaq.

Bakı-2015” Avropa Oyunları idmanın 19 növü üzrə keçiriləcəkdir. Bunlardan 16-sı Olimpiya, üçü qeyri-Olimpiya idman növüdür. On yeddi yarış günü müddətində 6 mindən çox idmançı mübarizə aparacaq.

İdmanın doqquz növü 2016-cı ildə Rio-de-Janeyro keçiriləcək Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin növlərə oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.

Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsinin (AOK) Baş Assambleyasında qəbul edilib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.

Teqlər: