I və IV qrupda keçid balı aşağı salındı

I və IV qrupda keçid balı aşağı salındı
  16 İyul 2014    Oxunub:1593
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 12-də I və IV ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları) üçün keçirilmiş qəbul imtahanının nəticələrinə əsasən, hər iki qrup üzrə müsabiqə şərtləri dəyişərək keçid balları aşağı salınıb.
Komissiyanın mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, I ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Dövlət sifarişli ixtisasların müsabiqəsində ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

IV ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Dövlət sifarişli ixtisasların müsabiqəsində ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Xüsusi qabiliyyət tələb edən ixtisasların bəzi istiqamətləri üzrə müsabiqə şərtlərində dəyişiklik edilib. Buna dair cədvəl TQDK-nın internet saytında yerləşdiriləcək.

Azərbaycan Dövlət Aqrar Universitetinin I və IV qruplar üzrə ixtisaslarını ümumi balı 150-dən az olmayan abituriyentlər seçə bilərlər (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur).

Qeyd edək ki, əvvəldən elan olunmuş müsabiqə şərtlərinə görə, ixtisas seçiminə I və IV ixtisas qruplarında ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılırdı.

İxtisas seçimi (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 5-dək həyata keçiriləcək.


Teqlər:





Xəbər lenti