Rusiyadan qaçanlar üçün daha bir "sığınacaq" tapıldı

   Rusiyadan qaçanlar üçün daha bir    "sığınacaq"    tapıldı
  14 Oktyabr 2024    Oxunub:790
Portuqaliyanın parlamenti İmmiqrasiya Qanununa humanitar vizanın yaradılmasını nəzərdə tutan düzəlişləri təsdiqləyib. Bu güzəştlərin vətənində təqib və ya ciddi təhlükə ilə üzləşmiş insanlara və müharibələrdən qaçanlara şamil olunacağı gözlənilir.

AzVision.az “CNN Portugal” telekanalına istinadən xəbər verir ki, istəyənlər sığınacaq üçün də müraciət edə biləcəklər. Hazırda bu, vətəndaşlıq ölkəsində və ya yaşayış icazəsi verilmiş başqa bir ölkədə alınmalı olan turist vizası ilə edilə bilər. Bu halda viza xüsusi qaydada Portuqaliya tərəfindən verilməli və şəxs özü respublika ərazisində olmalıdır.

Humanitar vizalar haqqında qanun layihəsi oktyabrın 11-də birinci oxunuşda təsdiqlənib. İndi buna parlamentin Konstitusiya məsələləri, hüquq, azadlıq və təminatlar komissiyası baxmalıdır. Komissiya, həmçinin humanitar vizaların verilməsi prosedurunu da hazırlayacaq.

“Qanun layihəsinin müəllifi olan “Liberal təşəbbüs” partiyası belə bir sənədin Portuqaliyanın istənilən ölkədəki səfirliyində verilə bilməsini və bütün riskləri nəzərə alaraq evə qayıtmamasını təmin etmək istəyir”, - “Correio da Manhã” agentliyi yazır.

2012-ci ildə Moskvada keçirilən kütləvi etirazlardan sonra Portuqaliyaya mühacirət edən “Liberal Təşəbbüs” partiyasının üzvü, 9 il əvvəl Moskvada qətlə yetirilmiş Boris Nemtsovun silahdaşı, rusiyalı fəal Pavel Yelizarov agentliyə bildirib ki, siyasi motivlərlə təqib olunan Rusiya vətəndaşları da humanitar vizaya ümid edə biləcəklər. Onun sözlərinə görə, yaşamaq icazəsi olmayan ölkəyə mühacirət etmiş insanların belə bir imkanın olub-olmayacağı sualı açıq qalır. Yelizarov xatırladıb ki, hazırda bir çox rusiyalı məsələn, Gürcüstan, Türkiyə və Qazaxıstanda bu sənədsiz yaşayır. Buna görə də Portuqaliyaya getmək üçün həmin ölkələrdə turist vizası ala bilmirlər.

- Əgər ayrıca dəqiqləşdirmə olmasa, o zaman humanitar viza ilə də eyni şey baş verəcək və bu, dərhal bir çox insanın qarşısın kəsəcək. Sözsüz ki, bu, arzuolunmaz olardı. Mən qanuna müvafiq bəndin daxil edilməsinə çalışacağam”, - Yelizarov vurğulayıb.

Qeyd edək ki, iyun ayında Portuqaliya hökuməti əcnəbilərə turist vizası ilə daxil olmağa və yalnız bundan sonra yaşayış icazəsi üçün müraciət etməyə icazə verən qanunu ləğv edib. İndi miqrantlar ölkədə özlərini leqallaşdıra bilmək üçün dərhal əmək müqaviləsi almalıdırlar.
Ukraynada müharibə başlayandan sonra Portuqaliya da 430-dan çox varlı rusiyalının ölkədə “məskunlaşmasına” imkan verən “qızıl viza” proqramını məhdudlaşdırmaq barədə qərar qəbul edib.

500 min dollarlıq sərmayə müqabilində alınan bu cür vizalar bir sıra şərtlər yerinə yetirilmədikdə ləğv edilə bilən adi yaşayış icazələrinə çevrilib. Yaşayış icazəsi sahiblərinin bir təqvim ili ərzində ən azı altı ay Portuqaliyada yaşamaq öhdəliyi və sənədin qüvvədə olduğu bütün müddət ərzində 8 aydan çox ölkədə olmamaq hüququ var.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Portuqaliya   Rusiya   mühacirlər  





Xəbər lenti