Boris Conson ittihamları rədd edir

 Boris Conson ittihamları rədd edir
  12 Oktyabr 2024    Oxunub:1250
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson “Unleashed” (ing. - “azad olunmuş”, “xaltadan qurtulmuş”) adlı xatirələrində Rusiyanın Ukraynanı işğal etməsindən sonra Kiyevə ilk səfərinə toxunaraq, müharibənin əvvəlində sülh danışıqlarını pozması barədə ona qarşı irəli sürülən ittihamlara cavab verib.
AzVision.az Rusiyanın “RBK” multimedia holdinqinə istinadən xəbər verir ki, Boris Conson sülh danışıqlarının pozulmasında onun günahlandırılmasından təəəcüblənib.

“Bu tam cəfəngiyatdır. Ukraynalılar heç vaxt Putinin şərtləri ilə razılaşmaq fikrində deyildilər - belə bir şey olmayıb. Düşünmürəm ki, Ukrayna lideri, Zelenski və ya başqası sülh sazişi üzrə danışıqlar apardıqdan sonra prezidentin ofisində beş dəqiqədən artıq qala bilərdi”, - sabiq baş nazir yazıb.

Boris Consonun iddiasına görə, Almaniya və Fransa “ərazilərin sülhə dəyişdirilməsi” düsturunu ehtiva edə biləcək bir razılaşmaya ümidli idilər, lakin onun özü, əvvəlcə Belarusda, sonra isə Türkiyədə aparılan danışıqlara “çox şübhəli” yanaşıb. Çünki öz xatirələrində bu planları “Zelenski və Ukrayna üçün açıq-aşkar fəlakət” adlandıran Conson, Rusiyanın təkliflərinin, mahiyyət etibarı ilə, müstəqil ölkəni yenidən Rusiyanın vassalına çevirərək Ukraynanın alçaldılmasını nəzərdə tutduğunu bildirib.

- Amma mən təsəvvür edə bilmirəm ki, sarsılmış ukraynalılar Putinlə uzunmüddətli qarşıdurma perspektivi barədə düşünə və özlərini o qədər tükənmiş və tək hiss edə bilərlər ki, sadəcə təslim olmaq məcburiyyətində qaldıqlarını hiss etsinlər; və mən təsəvvür edə bilmərəm ki, əgər ukraynalılar təslim olmaq qərarına gəlsələr - ya da Rusiya ilə dəhşətli və qeyri-bərabər saziş bağlasalar - Qərb o qədər zəif və parçalanməş olacaq ki, bu ruslar üçün 2014-cü ildəki kimi nəticəsiz ötüşəcək”, - Boris Conson vurğulayıb.

Böyük Britaniyanın keçmiş baş naziri qeyd edir ki, yalnız Zelenskini dəstəklədiyinə inandırmaq üçün Ukrayna prezidenti ilə danımaq istəyib. Çünki, Zelenskiyə necə danışıqlar aparacağını demək və ya razılaşmanın həqiqətən də ölkəsinin maraqlarına uyğun olduğuna inandığı halda razılığa gəlməsini əngəlləmək onun işi deyil. Bu kontekstdə, Conson Ukraynanı həvəslə dəstəkləsə də, ukraynalılardan daha ukraynalı ola bilməyəcəyinə diqqət çəkib. Sadəcə, Zelenskiyə demək istəyib ki, əgər o, döyüşməyə davam edərsə və ukraynalılar bunu istəsələr, Conson isə buna 99% əmin olub, Böyük Britaniyanın tam dəstəyinə arxalana bilər.

“Mənim funksiyam sövdələşmənin qarşısını almaq və ya Putinin gözəl “sülh planını” batırmaq deyildi. Mənim işim sadəcə olaraq, Zelenskini Qərbin və hər şeydən əvvəl Böyük Britaniyanın dəstəyinə inandırmaq idi”, - Boris Conson iddia edib.

Xatırladaq ki, Moskva ilə Kiyev arasında danışıqlar Rusiyanın Ukraynaya müdaxiləsindən cəmi dörd gün sonra başlayıb. 28 fevral, 3 və 7 mart 2022-ci il tarixlərində Belarusda üç əyani raund keçirildi. Martın 29-da tərəflər Türkiyənin vasitəçiliyi ilə İstanbulda yenidən görüşüblər. 2022-ci ilin mayında isə danışıqlar tamamilə dayandırıldı.

Qeyd edək ki, Boris Conson məhz İstanbulda tərəflərin gəldiyi razılaşmanı pozmaqda günahlandırılr. Yeri gəlmişkən, bu ittihamlar heç də əsassız deyil. Bu başqa məsələdir ki, həmin razılaşma Ukraynanın maraqlarına cavab vermirdi. Amma hadisələrin sonrakı gedişatı Ukrayna xalqını daha böyük faciə ilə üzləşdirdi.

CDS: “Kiyev bu şərtlərlə müharibəni dayandıra bilər”
Ukraynanı Rusiya ilə qanlı müharibəyə sürükləyən kollektiv Qərb isə indi rəsmi Kiyevi Moskvaya ərazi güzəştlərinə getməyə sövq etmək üçün müxtəlif variantlara əl atır. Boris Consonun da, dolayısı ilə, Ukraynanın üzləşdiyi bütün fəlakətlərə görə, məsuliyyəti Zelenskinin boynuna qoyması da kollektiv Qərbin ənənəvi fəndgirliyinin bir nümunəsidir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Conson   Ukrayna   ittihamlar  





Xəbər lenti