Zəngəzur dəhlizinin İsrail üçün əhəmiyyəti

   Zəngəzur dəhlizinin İsrail üçün əhəmiyyəti
  11 Oktyabr 2024    Oxunub:1031
Zəngəzur dəhlizinin əhəmiyyəti onun Cənubi Qafqazda geosiyasi tarazlığı dəyişmək potensialı ilə sıx bağlıdır.
PSCR Proqramının, Bar-İlan Universitetinin Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi və Qazaxıstanın Narxoz Universitetinin professoru Andrey Kazantsev-Vaysmanın “JNS (Jewish News Syndicate)” portalında dərc edilən məqaləsində Zəngəzur nəqliyyat dəhlizi təşəbbüsünün beynəlxalq oyunçular, o cümlədən İsrail üçün geniş təsirlərə səbəb olacaq Cənubi Qafqazın geosiyasi dinamikasının vacib elementinə çevrildiyini bildirilir. Onun fikrincə, təklif olunan dəhliz Qərbə qarşı mübarizədə müttəfiq olan Rusiya və İran arasında mühüm ayırıcı nöqtə rolunu oynayır.


Zəngəzur marşrutu Azərbaycanı Ermənistan ərazisindən keçməklə Azərbaycanın eksklavı olan Naxçıvanla birləşdirəcək. Rusiya imperiyasının 1868-ci ildə yaratdığı bu əraziyə Ermənistanın da, Azərbaycanın da iddiası var. 1919-cu ilin yanvarında o zaman Azərbaycan üzərində mandata malik olan Böyük Britaniya Zəngəzur dəhlizi üzərində Azərbaycanın yurisdiksiyasını təsdiqlədi. Lakin 1920-ci ildə bölgəni nəzarətə götürən Sövet hökuməti Zəngəzuru Ermənistan Sovet Respublikasına verməklə Azərbaycanla onun Naxçıvan eksklavı arasında quru əlaqəsini kəsdi.

“2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında atəşkəs razılaşması Zəngəzur dəhlizinin yenidən açılmasını nəzərdə tuturdu. Tranzit marşrutu Türkiyə ilə Orta Asiyanın türk dövlətləri arasında əlaqə yaradacaq və bununla da türk dünyasının birliyini gücləndirəcək. Bu layihənin regional güc balansını onların zərərinə pozacağından ehtiyatlanan İran və Ermənistan qəti şəkildə onun əleyhinə çıxırlar. Bakı, Ankara və Tehran arasında vasitəçi rolunu oynamağa ümid edən Rusiya isə dəhlizin yenidən açılmasında maraqlıdır”, - məqalənin müəllifi vurğulayır.

Ekspertin fikrincə, Təl-Əvivin nöqteyi-nəzərindən, Zəngəzur dəhlizinin əhəmiyyəti onun geosiyasi tarazlığı həm İsrailin strateji maraqlarına xidmət edə, həm də onlara meydan oxuya biləcək şəkildə dəyişmək potensialındadır.

Belə ki, Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında xüsusilə 7 oktyabrdan sonra İsraillə münasibətləri gərginləşdirib. Bunun bir səbəbi Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzləşdiyi daxili problemlərdir. Bir çox türk seçiciləri ölkədə tüğyan edən inflyasiya və korrupsiyada partiyanı günahlandırır.

Ərdoğan ənənəvi qaydada bu problemləri aradan qaldırmaq üçün xarici siyasət məsələlərindən istifadə etməyə çalışıb. Bu strategiyanın bir hissəsinə Türkiyənin postsovet məkanında təsirinin genişləndirilməsi və anti-İsrail ritorikasının artırılması daxildir.
Azərbaycan isə əksinə, İsraillə sıx strateji tərəfdaşlığa malikdir. Bu münasibət İranın Azərbaycana qarşı təzyiqlərinə, o cümlədən İran agentliklərinin Bakıya qarşı apardığı anti-Azərbaycan təbliğatına və kəşfiyyat əməliyyatlarına qarşı balans rolunu oynayır.


Bundan başqa, İran Azərbaycandan keçən transxəzər marşrutlarının inkişafına təzyiq göstərir və Zəngəzur dəhlizinin tikintisinə qarşı çıxır. Azərbaycan əhalisinin əhəmiyyətli bir hissəsinin İranın nəzarətində olan ərazidə yaşadığı Güney Azərbaycanın öz müqəddəratını təyinetmə məsələsi də mövcuddur.

- İsrail üçün bu vəziyyətdə - öz milli təhlükəsizlik maraqlarına uyğun gələn əsas strateji maraq Azərbaycanla strateji əməkdaşlığı davam etdirmək və Zəngəzur dəhlizinin yaradılmasına dəstək verməkdir. İsrail hazırda Ərdoğanın siyasəti ucbatından postsovet məkanında, xüsusən də Cənubi Qafqazda Türkiyənin öz təsirini genişləndirməsində maraqlı deyil. Qəzza müharibəsində kollektiv anti-İsrail mövqeyi tutmaları üçün Ərdoğan postsovet ölkələrinə təzyiq edir. Amma İsrailin Türkiyə ilə münasibətləri mürəkkəbdir. Gələcəkdə elə bir məqam yetişə bilər ki, Qəzza münaqişəsi səbəbindən İsraillə münasibətləri pisləşən Çin və Rusiyanın təsirinə alternativ yaratmaq üçün Türkiyənin regionda nüfuzunu genişləndirmək Təl-Əvivə fayda verə bilər”, - Kazantsev-Vaysmanın yazır.

Bu, İsrailin Zəngəzurla bağlı siyasətində başqa mümkün prioritetə gətirib çıxarır. İsrail Rusiyanın təsirinin getdikcə zəiflədiyi Ermənistanın İranın təsir dairəsinə düşməsini və İran ekosistemində İsrailə qarşı müharibədə istifadə olunacaq daha bir proksiyə çevrilməsini istəmir.

Bu məqsədə uyğun şəkildə İsrail Ermənistan hökumətini və onun Rusiya ilə köhnə ittifaqdan əl çəkərək Qərbə meyl etmək səylərini dəstəkləməlidir. Moskva ilə Tehran arasında artan yaxınlaşmanı nəzərə alsaq, Ermənistan və Rusiya arasında strateji müttəfiqliyə qayıdış İsrail üçün arzuedilməz olardı.


Ermənistanın Azərbaycan və Türkiyə ilə qarşıdurmadan xilas olmaq, Cənubi Qafqazda Rusiya və İrandan daha az təsirə malik yeni siyasi sistem yaratmaq cəhdləri də İsrailin maraqları ilə üst-üstə düşür.

“Nəticə etibarı ilə, Azərbaycan və Türkiyənin təzyiqlərinə qarşı çıxmaq üçün İranla strateji əlaqələrdən istifadə edərək, millətçi ideyalara əsaslanan ermənilərin səylərini İsrail dəstəkləyə bilməz. Bu siyasət Ermənistanın baş naziri Nikol Paşinyanın hazırkı hökumətinin Qərblə daha sıx əlaqələrə can atan liberal istiqamətinə ziddir. Bundan əlavə, Ermənistan vasitəsilə İrana potensial hərbi texnologiya və ya silah ötürülməsi İsrailin milli təhlükəsizliyinə birbaşa təhdid yarada bilər”, - dərc olunan materialda deyilir.

Müəllif İran təhlükəsizlik xidmətlərinin erməni millətçiliyini İsrailə qarşı yönəltmək cəhdlərinin də Qüds üçün az təhlükəli olmadığına diqqət çəkib. Ənənəvi olaraq əsasən müsəlman və türk dövlətlərinə düşmən münasibət bəsləyən erməni millətçilərinin özlərinin təməl ideyalarına zidd olsa da, bu istiqamətdə müəyyən cəhdlər var.

İsrail onu da nəzərə almalıdır ki, Zəngəzur dəhlizinin tikintisi Cənubi Qafqaz və Xəzər dənizi regionunun gələcəyi üçün ciddi nəticələr verə bilər. Orta Asiya mallarının Türkiyə üzərindən Avropaya tranziti Mərkəzi Asiya ölkələrinin Rusiya, Çin və İrandan müstəqilliyini əhəmiyyətli dərəcədə gücləndirə bilər.


Bu, həm də Avropanın enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə yaxşılaşdıra biləcək transxəzər enerji layihələrinin uğurla həyata keçirilməsi şanslarını artıracaq.

- Bu, Qərb koalisiyasının postsovet məkanındakı siyasətinə uyğundur. Geniş mənada İsrail bu koalisiyanın bir hissəsidir. Hərçənd İrandan təhlükəsizliyini təmin etmək və Ermənistanın İran-İsrail münaqişəsində başqa bir vasitəçi müttəfiqə çevrilməsinin qarşısını almaq məqsədi güdən Təl-Əvivin öz milli maraqları var”, - professor Andrey Kazantsev-Vaysman vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Zəngəzur   İsrail   əhəmiyyət  





Xəbər lenti