CDS: “Kiyev bu şərtlərlə müharibəni dayandıra bilər”

   CDS: “Kiyev bu şərtlərlə müharibəni    dayandıra    bilər”
  10 Oktyabr 2024    Oxunub:855
Ukrayna ABŞ-dən təhlükəsizlik zəmanəti və Avropa İttifaqına (Aİ) daxil olmaq müqabilində, ərazilərin itirilməsini tanımadan hazırkı cəbhə xəttində atəşkəsə hazırdır.
AzVision.az xəbər verir ki, İtaliyanın “Corriere della Sera” qəzeti belə ehtimla irəli sürüb. “Ramştayn” formatının növbəti yığıncağı təxirə slındıqdan sonra Avropaya turneyə çıxan Ukrayna prezident Volodimir Zelenski bir ay ərzində ikinci dəfə İtaliyaya gələrək yenidən baş nazir Coraca Meloni ilə görüşəcək. O, bu gün Yelisey sarayında Fransa prezidenti Emmanuel Makronla görüşəndən sonra Doria Pampfili villasında Meloni ilə görüşə gedəcək. Sabah Berlinə getməzdən əvvəl isə, Zelenski Papa Fransisklə görüşmək üçün Vatikana səfər edəcək.

Bundan əvvəl Londona səfəri çərçivəsində Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşən Ukrayna prezidenti ona özünün “qələbə planı”nı təqdim edib. Böyük Britaniyanın Mətbuat Assosiasiyasının məlumatına görə, Starmerlə görüş zamanı Zelenski, çox güman ki, yenidən Britaniyanın “Storm Shadow” qanadlı raketlərini Rusiya ərazisinin dərinliklərindəki hədəflərə, məsələn, hərbi aerodromlara qarşı istifadə etmək üçün icazə almağa çalışacaq.

İtaliyanın “Corriere della Sera” nəşri qeyd edir ki, Zelenskinin bu fəallığı Ukrayna üçün sülhü təmin etmək və onu Rusiyanın gələcək təcavüzlərindən qoruyacaq həll yolu tapmaq istəyini göstərir. Ukraynanın payız-qış aylarında sülh və sabitliyə nail olmaq üçün real imkanları olduğunu bildirən Volodimir Zelenski, cəbhədəki vəziyyətin 2025-ci ilə qədər müharibəni bitirmək üçün qətiyyətli addımlar atmaq üçün imkanlar açdığını vurğulayıb.

Qəzetin fikrincə, indi Ukrayna qüvvələri Donbassda say üstünlüyünə malikdir, amma Kursk vilayətinə müdaxilə ilə bağlı vəziyyət mürəkkəbdir. Kursk əməliyyatı əhval-ruhiyyəni yüksəltmək və müttəfiqlərin dəstəyini qazanmaq üçün nəzərdə tutulmuşdu, lakin indi Ukraynanın əhəmiyyətli sayda qüvvələri Rusiya ərazisində müəyyən təcrid vəziyyətindədir ki, bu da Donbasa kömək etmək imkanlarını məhdudlaşdırır.

“Zelenski indi avropalıları məhz siyasi müstəvidə inandırmaq istəyir. Məsələn, o, bilir ki, işğal olunmuş ərazilərdən heç vaxt rəsmən imtina edə bilməyəcək. Bununla belə, Zelenski Qərbin müəyyən öhdəlikləri müqabilində hazırkı xətt üzrə - yeni rəsmi sərhədləri tanımadan - atəşkəsi qəbul etməyə hazır olardı”, - nəşr vurğulayır.

Söhbət ABŞ-nin Yaponiya, Cənubi Koreya və Filippinə verdiyi kimi Qərbin təhlükəsizlik zəmanətlərindən gedir.

Bloomberg: “Zelenski mövqeyini yumşaltmağa hazırdır”
Qeyd edək ki, son vaxtlar Qərb mətbuatında Ukraynanın müəyyən şərtlər çərçivəsində hətta ərazi güzəştlərinə gedərək müharibəni dayandırmaq yönündə Rusiya ilə pərdəarxası danışıqlar apardığı barədə Qərb mətbuatında dərc olunan materialların sayı xeyli artıb. Amma rəsmi Kiyev bu iddiaları qəti şəkildə rədd edir. Moskva da, öz növbəsində, Ukraynanı yox, məhz Qərbi qane edəcək şərtlər çərçivəsində hərbi əməliyyatların dayandırılması ehtimallarını əsassız sayır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna   Rusiya   sülh  





Xəbər lenti