Tbilisi AP-nin çağırışını sərt şəkildə rədd edib

   Tbilisi AP-nin çağırışını    sərt şəkildə    rədd edib
  09 Oktyabr 2024    Oxunub:869
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili ölkə hakimiyyətinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi barədə Avropa Parlamentinin qətnaməsində yer alan çağırışı “iyrənc” adlandırıb.

AzVision.az xəbər verir ki, bundan əvvəl bundan əvvəl Avropa Parlamentinin (AP) 14 üzvü Gürcüstanla bağlı qətnamə layihəsi hazırlayıb. Sənəddə o cümlədən, hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası “xarici agentlər” və LGBT təbliğatına qadağalar haqqında qəbul olunmuş qanunları ləğv etməyə, Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə və eks-prezident Mixail Saakaşvilini həbsdən buraxılmasına çağırılır. Avropa Parlamentinin deputatları həmçinin Avropa Şurasını “Gürcü Arzusu”nun yaradıcısı Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

“Qətnamədə Gürcüstanın Rusiyaya qarşı ikitərəfli sanksiyalar tətbiq etməsi tələbi iyrəncdir. Qalmaqallı odur ki, bu qətnamə Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaların tətbiqi tələbini açıq şəkildə əks etdirən ilk rəsmi ictimai sənədidir”, - Şalva Papuaşvili keçirdiyi brifinqdə vurğulayıb.

Parlament sədrinin sözlərinə görə, qətnamə müəllifləri yaxşı bilirlər ki, Rusiyaya qarşı sanksiyalarla Gürcüstan hakimiyyəti Rusiyaya deyil, öz ölkəsinə ziyan vuracaq.
Papuaşvili, həmçinin qətnamədə Saakaşvilinin azadlığa buraxılması ilə bağlı çağırışları, eləcə də Avropa Şurasının İvanişviliyə qarşı sanksiyaların tətbiq olunması çağırışını tənqid edib.

Gürcüstanın İqtisadiyyat naziri Levan Davitaşvili, öz növbəsində, Avropa Parlamentinin Rusiyaya qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qətnaməsinə rəğmən, ölkəsinin bu addımı atmayacağını açıqlayıb. Onun sözlərinə görə, rəsmi Tbilisi gürcü xalqının maraqları çərçivəsində qərar qəbul edəcək.

Bu arada hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi şəhərinin meri Kaxa Kaladze Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinskini oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə müdaxilə etməkdə günahlandırıb. Qerçinski bundan əvvəl hakim partiyanın Ukraynadakı döyüşlərin dağıntıları fonunda Gürcüstandakı sülhü əks etdirən seçkiqabağı video-materialları tənqid atəşinə tutub.

- Bir neçə gün əvvəl seçki kampaniyasına müdaxilə cəhdlərinin şahidi olduq. Aİ səfirindən eşitdiyimiz bəyanatlar qətiyyən qəbuledilməzdir. Bu, birbaşa seçki kampaniyasına müdaxilə cəhdidir. Həmçinin bəzi telekanallar bəzi klipləri göstərməkdən imtina etmək qərarına gəliblər. Onların qərarlarının əsası ondan ibarətdir ki, bu, Aİ səfirinin xoşuna gəlmir”, - Kaxa Kaladze Aİ səfirini qərəzli mövqe sərgiləməkdə ittiham edib.

Gürcüstan paytaxtının meri onu da xatırladıb ki, Aİ səfiri birliyə daxil olan bütün ölkələri təmsil edir. Bu baxımdan, rəsmi Tbilisi həmin ölkələrin Xarici İşlər nazirlikləri ilə müvafiq məktubla əlaqə saxlamalı və əslində nə baş verdiyini soruşmalı, bu ölkələrin adından Gürcüstandakı siyasi proseslərə və seçki prosesinə necə müdaxilə etmək cəhdlərinin olduğunu bildirməlidir.

Qeyd edək ki, rəsmi Tbilisi və bəzi analitiklər Qərbin oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərinə və ondan sonrakı proseslərə aktiv şəkildə qarışmağa çalışdıqlarını vurğulayırlar. Bu baxımdan, Qərbin dəstəklədiyi qüvvələrin əli ilə Gürcüstanda iğtişaşaların törədilə bilməsi istisna olunmur.

Maraqlıdır ki, Avropa qurumları və ümumiyyətlə kollektiv Qərb nəinki Ermənistanın da Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi tələbini qoymurlar, əksinə Rusiyaya qarşı qüvvədə olan sərt sanksiyalar rejimi fonunda bu iki ölkə arasında ticari əlaqələrin, xüsusilə də parallel idxal çərçivəsində təcarət dövriyyəsinin dəfələrlə artmasına görə İrəvana heç bir irad tutmurlar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: AP   Gürcüstan   qarşıdurma  





Xəbər lenti