Ukrayna hərbi rəhbərliyində istefalar gözlənilir

   Ukrayna hərbi rəhbərliyində    istefalar    gözlənilir
  08 Oktyabr 2024    Oxunub:1166
Ukrayna prezidenti Volodimir Zelenskinin ofisi ölkənin hərbi rəhbərliyinin üç əsas fiqurunun bir anda işdən çıxarılması imkanını müzakirə edir.

AzVision.az Ukrayna mediasına istinadən xəbər verir ki, Müdafiə naziri Rustem Umerov, Müdafiə nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəisi Kirill Budanov və Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski vəzifələrini itirə bilərlər. Bu cür planların əsas səbəbləri arasında cəbhədəki vəziyyətin ölkənin müdafiəsinin dağılması təhlükəsini yaratması da var.

Yerli medianın yazdığına görə, bir il bundan əvvəl Aleksety Reznikovun əvəzinə Müdafiə naziri təyin olunmuş Rustem Umerov rəhbərlik etdiyi qurumda “xaos” və ordu üçün müqavilələrin pozulması ilə nəticələnən dövlət satınalmalarında çaşqınlıq səbəbindən gözdən düşə bilər.

Baş nazirin rəqəmsal transformasiya üzrə müavini Mixail Fyodorov və oktyabrın 1-də Volodimir Zelenski tərəfindən Ali Baş Komandanın Qərargahının üzvü təyin edilmiş Müdafiə nazirinin birinci müavini İvan Qavrilyuk Umerovun mümkün varisi kimi qiymətləndirilir. Halbuki, Müdafiə nazirlərinin müavinləri Qavrilyuk kimi belə bir şərəfə layiq görülmürdülər.

Yalnız bu ilin fveralında Silahlı Qüvvələrin sabiq Ali Baş komnadanı Valeri Zalujnının yerinə gətirilmiş Aleksandr Sırskinin işdən çıxarıla bilməsi ehtimalı ilə bağlı şayiələr hələ yayda yayılmışdı. Lakin Ukrayna ordusunun Kursk vilayətində əməliyyata başlamasından sonra cəbhədəki uğursuzluqlarda Baş Komandanı günahlandıran Volodimir Zelenskinin qıcıqlanmasının qismən səngidiyi bildirilir. Bununla belə, Ukrayna Silahlı Qüvvələrinin davamlı şəkildə geri çəkilməsi və Uqledar şəhərinin itirilməsi fonunda prezidentin Ali Baş Komandana qarşı iddiaları yenidən artmağa başlayıb.

Ukrayna mediası 2020-ci ilin avqustundan bəri BKİ-yə rəhbərlik edən Kirill Budanovun problemlərini ilk növbədə, onun yüksək media fəaliyyətindən narazı olan prezident aparatının rəhbəri Andrey Yermakla uzun müddətdir davam edən münaqişəsi ilə əlaqələndirir. Hərçənd, cəbhədə Ukrayna üçün hər şey yaxşı getsəydi, o zaman general Budanova ilişmək üçün bir bəhanə olmayacaqdı. Baş Kəşfiyyat İdarəsinin rəhbərinin mümkün varisi kimi Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Oleq İvaşenkonun adı çəkilir.

Kiyev qapalı sülh danışıqlarına başlayıb - "Financial Times"
Ölkənin hərbi rəhbərliyində belə ciddi dəyişikliklər barədə Ukrayna medaisənda yayımlanan xəbərlər fonunda bəzi Qərb KİV-ləri, o cümlədən də “Financial Times” nəşri təşvişə düşmüş müttəfiqlərin Kiyevə münaqişənin tezliklə sona çatması naminə əraziləri qurban verməyi təklif etdiklərini yazırlar. Onların iddiasına görə, Kiyevin Qərbdəki tərəfdaşları Ukrayna üçün cəbhədə yaranmış ağır vəziyyətdən çox narahatdırlar.
Lakin bu səpkidə diskussiyaların getdiyini inkar edən rəsmi Kiyev “Financial Times” qəzetində dərc olunan materialı, ümumuiyyətlə, sayıqlama adlandırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna   istefalar  





Xəbər lenti