Ermənistan bölgədə yeni müharibə riskini artırır

   Ermənistan bölgədə    yeni müharibə    riskini artırır
  08 Oktyabr 2024    Oxunub:1345
Ermənistan Cənubi Koreya istehsalı olan və dağlıq əraziyə uyğunlaşdırılmış K2 tanklarının alınması imkanını nəzərdən keçirir.
AzVision.az xəbər verir ki, Cənubi Koreyanın “Chosun Biz” nəşrinin yaydığı məlumata görə, Ermənistanın müdafiə naziri Suren Papikyan “Hyundai Rotem” şirkətinin hazırladığı “K2 Qara Panter” əsas döyüş tanklarının alınması imkanlarını araşdırmaq üçün 2024-cü ilin sentyabrında Cənubi Koreyaya səfər edib.

Nəşr yazır ki, səfər zamanı Papikyan sentyabrın 9 və 10-da Cənubi Koreyanın Milli Müdafiə nazirliyi və Xarici İşlər nazirliyi tərəfindən süni intellektin (Sİ) hərbi məqsədlər üçün istifadəsi ilə bağlı təşkil olunmuş yüksək səviyyəli məsləhətləşmələrdə iştirak edib.

Erməni hərbi portalları yazır ki, Papikyan bu səfərdən həm silah almaq üçün əməkdaşlıq qurmaq məqsədi ilə istifadə edib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da silah alqı-satqısı ilə bağlı danışıqlar aparmaq üçün sentyabrın 6-da Cənubi Koreyaya səfər edib.

Qlobal hərbi xəbərlər üzrə ixtisaslaşan “Army Recognition” nəşrinin yazdığına görə, Cənubi Koreya ordusunun istehsal etdiyi K2 əsas döyüş tankları hazırda yarımistiqamətli pnevmatik asma və qabaqcıl texnologiyalarla təchiz edilib. Bu tanklar yüksək dağlıq ərazilərdə döyüş əməliyyatları üçün çox əlverişlidir.

Ərazisinin demək olar ki, 86%-i dağların payına düşən Ermənistanda bu tanklar qoşunların döyüşdə hərəkətliliyini və dəqiqliyini artırmaqla mühüm strateji üstünlük təmin edə bilər. Bundan əlavə, relyefdən asılı olaraq asqısını avtomatik tənzimləyən ötürücü, dəqiqliyi və ekipajın rahatlığını daha da yaxşılaşdıran sensorla təchiz olunub.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistan ordusunun zirehli tank parkı sovet istehsalı olan və sonradan Rusiyada modernləşdirilmiş T-55 və T-72A/B modellərindən ibarət idi. 44 günlük müharibədə Ermənistan ordusu Qarabağda gedən döyüşlərdə yüzlərlə tankını itirib. Bu baxımdan, indinin özündə də Ermənistan ordusunda döyüşə hazır tanklar çox az olduğu şübhə doğurmur. İstisna deyil ki, Cənubi Koreyadan sözügedən tankları almaqla İrəvan zirehli qüvvələr sahəsində hərbi balansı bərpa etməyə çalışır.

Eyni zamanda, sürətlə silahlanan Ermənistan hücum silahlarının, o cümlədən Cənubi Koreya istehsalı olan müasir döyüş tanklarının alınması ilə bağlı danışıqlar aparır ki, bu da regionda yeni müharibə riskini artırır.

“Military Balance 2024” hesabatına əsasən, Ermənistan müdafiə büdcəsini əhəmiyyətli dərəcədə artıraraq 2023-cü il üçün 1,28 milyard ABŞ dollara çatdırıb ki, bu da əvvəlki illə müqayisədə 46% çoxdur. Ermənistanın bu ilki hərbi büdcəsinin isə təxminən 1,4 milyard ABŞ dollarına qədər yüksələcəyi gözlənilir.

Bu büdcənin xeyli hissəsi Ermənistanın silahlanmasına sərf olunur. Belə ki, 90 ədəd ATAGS 155 mm yedəkli haubitsa, açıqlanmayan sayda Pinaka reaktiv yaylım atəşi sistemləri və “Akaş” hava hücumundan müdafiə (HHM) sistemlərinin tədarükü ilə bağlı İrəvan artıq Hindistanla bir neçə böyük müqavilə imzalayıb. Həmçinin, İrəvanın Dehli ilə “Pralay” operativ-taktiki raketləri və “BrahMos” hipersəs raketlərinin alınması ilə bağlı danışıqlar apardığı bildirilir.


Bu yaxınlarda məlum olub ki, Ermənistan Dehlinin dəstəyi ilə hərbi-hava qüvvələrini (HHQ) gücləndirmək və Rusiyadan aldığı 4 ədəd “Su-30SM” döyüş təyyarəsini modernləşdirmək imkanları barədə Hindistanla müzakirələr aparır. Gələcəkdə Ermənistan bu qırıcının Hindistanda istehsal olunan versiyasını da almaq fikrinə düşünə bilər.

Bundan əlavə, Qərb müdafiə standartlarına, o cümlədən NATO standartına uyğun artilleriyaya keçən Ermənistan, Qərbin hərbi təlim metodlarını mənimsəyir, qabaqcıl komanda və nəzarət strukturlarını tətbiq edir.

Məhz bu keçid çərçivəsində Ermənistanın Müdafiə naziri Suren Papikyan ötən ilin iyununda Paris Aviasiya Sərgisinə qatılaraq, İrəvanın Qərbdən müdafiə avadanlıqları almağa artan marağını nümayiş etdirdi. Fransa isə xüsusilə Ermənistana müasir silahlar verməyə hazır olduğunu açıqladı.


Sadalanan məqamlar İrəvanın və onun xarici havadarlarının Cənubi Qafqazda yeni münaqişə alovu qızışdırmaq üçün təhlükəli oyunlara qurşandıqlarını sübut edir.

“Mən Ermənistana da bax, burada, dağıntılar arasında xəbərdarlıq edirəm: dayandırın bu təhlükəli oyunları! Bir tərəfdən sülhdən danışırlar, yalan-palan danışırlar, digər tərəfdən genişmiqyaslı silahlanma gedir. Silahları da kim verir onlara? Fransa və onun kimi anti-Azərbaycan ölkələr...Ermənistan təhlükəli oyunlara qoşulub və İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın”, - Azərbaycan Prezidenti İlham Əliyevin 4 il əvvəl işğaldan azad edilmiş Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında dediyi bu ibrətamiz ifadələr silahlanma kursuna köklənmiş İrəvana və onun havadarlarına ünvanlanmış sərt mesajdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   Koreya   silahlanma  





Xəbər lenti