Bolqarıstan alimləri Əlyazmalar İnstitutunda qorunan nadir eksponatlarla tanış olublar

Bolqarıstan alimləri Əlyazmalar İnstitutunda qorunan nadir eksponatlarla tanış olublar
  25 Sentyabr 2024    Oxunub:844
Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Klassik və yeni filologiya fakültəsinin Türkologiya və Altayşünaslıq kafedrasının müdiri professor İrina Sarıivanova və Bakı Slavyan Universitetinin Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müdiri Sofiya Şıqayeva-Mitreska AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, qonaqlara elmi müəssisənin tarixi, burada mühafizə olunan əlyazmalar, aparılan tədqiqat işləri haqqında geniş məlumat verilib. Görüş əsnasında tərəflər arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. İnstitutun direktoru akademik Teymur Kərimli qonaqlara “Azərbaycan multidisiplinar əlyazması: xəzinədən incilər” kitabının ingiliscə versiyasını və “Xurşidbanu Natəvan. Gül dəftəri” kitabını hədiyyə edib.



Sonra Bolqarıstan alimləri Əlyazmalar İnstitutunun Ekspozisiya zalı ilə tanış olublar. Onlara burada sərgilənən qədim və nadir əlyazma nümunələri, elmi-tədqiqat müəssisəsinin fondunda mühafizə olunan yazılı abidələr, nadir eksponatlar, UNESCO-nun “Dünya yaddaşı” beynəlxalq reyestrinə daxil edilən əlyazma nüsxələri, o cümlədən həmin siyahıya salınan Xurşidbanu Natəvanın “Gül dəftəri” illüstrasiyalı şeirlər albomu və s. barədə ətraflı məlumat verilib. Qonaqlar, həmçinin Ekspozisiya zalındakı Ümummilli Lider Heydər Əliyev, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti və böyük mesenat Hacı Zeynalabdin Tağıyev guşələri ilə tanış olublar.



Sonda professor İrina Sarıivanova Əlyazmalar İnstitutunun xatirə kitabına ürək sözlərini yazıb.



AzVision.az



Teqlər:





Xəbər lenti