Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir

 Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir
  23 Sentyabr 2024    Oxunub:329
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 23-27 sentyabr tarixlərində Qazaxıstanın paytaxtı Astanada Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Zəngin proqramı olan tədbir Azərbaycan mədəniyyətinin dost ölkədə növbəti təntənəsinə çevriləcək.
AzVision.az xəbər verir ki, bu münasibətlə ölkəmizin incəsənət ustaları, bədii kollektivləri, yazarlar, media nümayəndələri Astanaya səfər ediblər.

Mədəniyyət günlərinin proqramına uyğun olaraq, sentyabrın 24-də saat 15:00-da Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında “Füzuli – 530 misra” kitabının təqdimatı və “Füzuli – 530” ədəbi-poetik məclisi keçiriləcək. Həmin gün saat 20:00-da K.Kuanışbayev adına Qazax Milli Musiqili Dram Teatrında etno-caz konserti təqdim olunacaq.

Mədəniyyət günləri 25 sentyabr tarixində də maraqlı tədbirlərlə yadda qalacaq.



Saat 11:00-da Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Azərbaycan Milli Kitabxanası ilə adıçəkilən kitabxana arasında əməkdaşlığa dair memorandum imzalanacaq və kitabxanada “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılışı olacaq. Saat 12:00-da həmin məkanda Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər. Əbədi məhəbbətin tarixçəsi” kitabının təqdimatı keçiriləcək. Həmin gün saat 17:30-da Astananın Mira və Soglasia Sarayında “Azərbaycanın sənət inciləri” adlı sərgi təşkil olunacaq. Axşam saat 19:00-da isə həmin sarayda Azərbaycan Dövlət Rəqs Ansamblının konserti keçiriləcək.



Sentyabrın 26-da saat 11:00-da Qazaxıstan Respublikasının Milli Muzeyində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Şirin Məlikovanın “1920-1980-ci illərdə Azərbaycanda rəngkarlıq və qrafika”, Azərbaycan Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimovanın “Təbriz məktəbi miniatürü”, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Əminə Məlikovanın “Azərbaycan Milli Xalça Muzeyi. Müasir məkanda qədim incəsənət" mövzularında mühazirələri təşkil olunacaq. Axşam saat 19:00-da isə K.Kuanışbayev adına Qazax Milli Musiqili Dram Teatrında Azərbaycan incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə qala konsert keçiriləcək.



Azərbaycan Mədəniyyəti Günlərinin tədbir və təqdimatları ədəbi-mədəni zənginliklərimizə həmişə maraq göstərən qardaş qazax xalqının yaddaşında silinməz iz qoyacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti