Türk Dövlətlərinin Xizək Kurortları İttifaqı yaradılıb

Türk Dövlətlərinin Xizək Kurortları İttifaqı yaradılıb
  23 Sentyabr 2024    Oxunub:957
Bu gün İstanbul şəhərində Türk Dövlətlərinin Xizək Kurortları İttifaqınının yaradılmasına dair memorandum imzalanıb.
Bu barədə Dövlət Turizm Agentliyinin tabeliyindəki “Şahdağ Turizm Mərkəzi" QSC məlumat yayıb. Sənədə əsasən, İttifaqa ilk iki illik müddətə sədrlik və baş katiblik Azərbaycana verilib.

Tədbirdə Azərbaycan (“Şahdağ Turizm Mərkəzi"), Türkiyə ("Ulu Dağ"), Özbəkistan ("Amirsoy") və Qazaxıstanın ("Şımbulak") dağ kurortlarının nümayəndələri iştirak ediblər. Görüşdə iştirakçı dövlətlərin nümayəndələri rəhbərlik etdikləri dağ kurortlarının potensialı və turist cəlbediciliyi baxımından imkanları ilə bağlı təqdimatla çıxış ediblər.

Tədbir çərçivəsində turizmin tərəqqisi fonunda dağ kurortlarının inkişafı, mərkəzlər arasında əməkdaşlıq əlaqələrinin inkişafı, iş birliyinin yardılması, turistlər üçün cəlbediciliyin artırılması, birgə layihələrin hazırlanması, informasiya və təcrübə mübadiləsinin aparılması, eləcə də peşəkar mütəxəssislərin formalaşdırılması üçün təlim proqramlarınn yaradılması, marketinq strateqiyasının hazırlanması, birgə tədbirlər keçirilməsi, vahid keçid kartlarının (ski pass) yaradılması, İttifaqın tərkibinin genişləndirilməsi və bir sıra digər məsələlər müzakirə olunub.

Görüşdə həmçinin Türk Dövlətləri Təşkilatının “Türk baxışı - 2040” və “Türk Dövlətlərinin 2022-2026-cı illər üçün İnkişaf Strategiyası”na əsasən türk dövlətlərində turizmin inkişafı ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti