AK-nin nüfuzlu üzvlərindən biri gözlənilmədən istefa verib.

AK-nin nüfuzlu üzvlərindən biri gözlənilmədən istefa verib.
  16 Sentyabr 2024    Oxunub:883
Avropa Komissiyasının Avropa İttifaqının (Aİ) daxili bazarına cavabdeh olan üzvü, Fransa nümayəndəsi Tyerri Breton bu gün istefa verdiyini açıqlayıb.
AzVision.az xəbər verir ki, məmur Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə göndərdiyi məktubu dərc edib. Həmin məktubda isə xanım Layenin Fransa hakimiyyətindən Bretonun yeni Avropa Komissiyasına namizədliyini irəli sürməməsini xahiş etdiyi bildirilir.

“Frans Press” agentliyinin iddiasına görə, Bretonun təyinatının dəyişdirilməsi əvvəlcədən məlum məsələ idi. Lakin Avropa Komissiyasının keçmiş üzvünün məktubundan belə çıxır ki, Aİ-nin ali icra orqanının yeni tərkibinin elan olunması ərəfəsində məhz Ursula fon der Leyen başqa namizədin irəli sürülməsi xahişi ilə Fransa hakimiyyətinə müraciət edib.

Eyni zamanda, Fransa təmsilçisinin yeni komissiyada mühüm portfel alacağına dair Parisə söz verildiyi iddia olunur. Son hadisələri “şübhəli liderliyin daha bir nümunəsi” adlandıran Tyerri Breton isə belə şəraitdə vəzifəsində qala bilməyəcəyini söyləyib.

Yeri gəlmişkən, bəzi avropalı məmurlar və ekspertlər yenidən Avropa Komsisiyasının sədri seçilmiş Ursula fon der Lyayenin pərdəarxası intriqalar ustası olduğunu vurğulayırlar. Fransa prezidenti Emmanuel Makronun xanım Lyayenin Avropa Komissiyasının sədri vəzifəsinə təkrarən seçilməsini əngəlləməyə çalışmasına rəğmən, onun kreslosunu qoruyub saxlaması məhz bunun nümunəsi kimi göstərilir.

Xatırladaq ki, Tyerri Bretonun rəhbəri olduğu departament, digər məsələlərlə yanaşı, Aİ-də COVID-19 vaksinlərinin tədarükü və istehsalına, eləcə də hərbi sənayeyə cavabdeh idi. O, həmçinin texnoloji nəhənglərə və sosial media şirkətlərinə qarşı sərt mövqe tutan məmur kimi tanınır. Həmin şirkətlərin Avropa qanunvericiliyinə əməl etmələrində israrlı olan Breton, xüsusilə İlon Maska məxsus “X” sosial şəbəkəsini bloklayacağı ilə hədələyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Breton   istefa  





Xəbər lenti