Bu il sülh müqaviləsi imzalana bilərmi? - AÇIQLAMA

   Bu il sülh müqaviləsi imzalana bilərmi? -    AÇIQLAMA
  13 Sentyabr 2024    Oxunub:1149
Ermənistanın baş naziri Nikol Paşinyan “İrəvan dialoqu” forumunda çıxışı zamanı deyib ki, sülh sazişi layihəsində 13 maddə və ön söz tam razılaşdırılıb. Onun sözlərinə görə, hazırda Cənubi Qafqazda sülh nəinki mümkün, həm də realdır.
Bundan əlavə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Lüksemburqlu həmkarı ilə birgə keçirdiyi brifinqdə də oxşar fikirlər səsləndirmişdi. O, jurnalistlərə açıqlamasında "Ermənistan və Azərbaycan sülh müqaviləsi layihəsinin 16 maddəsinin 13-ü üzrə tam razılığa gəliblər" demişdi.

Maraqlıdır, Azərbaycan və Ermənistan arasında növbəti aylarda sülh müqaviləsi imzalana bilərmi?

Paşinyan İlham Əliyevlə sərhəddə görüşmək istəyir
Politoloq İlyas Hüseynov AzVision.az -a bildirib ki, sülh müqaviləsinin 13 maddəsinin razılaşdırılması böyük irəliləyiş hesab olunur:

"Müharibədən sonra sülh istiqamətində irəliyə və geri müxtəlif addımlar atılırdı. Sülh müqaviləsinin imzalanmasının əsas təşəbbüskarı Azərbaycandır. Azərbaycan beş maddəlik sülh və dövlətlərarası münasibətlərin nizamlanması istiqamətində təkliflər irəli sürdü və artıq bu, genişmiqyaslı bir sülh mətninə çevrilib. Lakin önəmli məsələ bundan ibarətdir ki, bəzi maddələr sülh müqaviləsi mətnindən çıxarılıb. Bu, təxirəsalınma və yaxud qarşıdakı dövrdə məsələlərin həlli ilə bağlı yanaşmaları ehtiva edir.

Ermənistan həm Minsk qrupunun buraxılması, həm Konstitusiyaya dəyişikliklər, həm də Azərbaycana qarşı ərazi iddialarına son qoyulması məsələsi ilə bağlı konkret fikir ifadə etməlidir. Rəsmi Bakının tələbi bundan ibarətdir.

Əslində sülh müqaviləsi mətni imzalana bilər. Lakin digər açıq qalan məsələlərin də həllini icra etmək önəmlidir. Ermənistanın mövqeyinə görə konstitusiyaya dəyişikliklər 2027-ci ildə baş tutmalıdır. Bu da çox uzaq bir tarixdir. Təcili surətdə bu işləri həyata keçirməyin vaxtıdır. Ermənistan məhz üzərinə götürdüyü öhdəliklərin icrasını həyata keçirərsə, sülh ilə bağlı daha konkret və aydın bir mövqe ifadə olunar. Hazırkı reallıqda isə razılaşdırılmış maddələrin imzalanması, Ermənistanın qarşıdakı dövrdə sülhdən yayınmasına rəvac verə bilər".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Azərbaycan   Ermənistan   sülhmüqaviləsi  





Xəbər lenti