Praqa Ukraynada müharibəni dayandırmağa çağırır

   Praqa Ukraynada    müharibəni dayandırmağa    çağırır
  22 Avqust 2024    Oxunub:1229
Kiyevə hərbi-maliyyə dəstəyinin ən qatı tərədfdarlarından biri olan Çexiyanın prezidenti Petr Pavel Avropanın Rusiya ilə NATO arasında müharibə olmasını istəmədiyini bildirib.
AzVision.az xəbər verir ki, Çexiyanın prezidenti Petr Pavel “Sky News” telekanalına müsahibəsində Ukraynada hərbi əməliyyatların dayandırılmasının və müharibədən sonrakı durumla bağlı danışıqların başlanmasının tərəfdarı olduğunu deyib.

“Müharibəni dayandırmaq və müharibədən sonrakı vəziyyətin müzakirəsinə başlamaq lazımdır”, – Petr Pavel Ukraynanın indi Rusiya ilə danışıqlara başlamalı və hərbi əməliyyatları dayandırmalı olub-olmaması barədə sualın cavabında qeyd edib.

O, Kiyevin yaxın gələcəkdə Moskvanın işğal etdiyi əraziləri geri qaytara biləcəyi fikrini sadəlövhlük sayır. Hamını realist olmağa dəvət edən Çexiya liderinin sözlərinə görə, münaqişə tərəfləri hərbi əməliyyatlar dayandırıldıqdan sonra danışıqlar prosesində kompromis əldə etməlidirlər. Bu güzəştlər isə Ukrayna, Rusiya və bu sazişin təminatçısı qismində çıxış edəcək ölkələrin razılığı olmadan mümkün deyil.

Petr Pavel qeyd edib ki, NATO Ukraynada əsgər yerləşdirə bilməz, çünki bu, Rusiya ilə Şimali Atlantika Alyansı arasında münaqişə demək olardı. Avropada isə heç kim bunu istəmir. Məhz bu baxımdan, Qərb silahlarının Ukraynaya tədarükü elə şəkildə həyata keçirilir ki, vəziyyət daha da gərginləşməməsin. Sadəcə, həmin silahlar Ukrayna Silahlı Qüvvələrinin qarşısında duran problemləri həll etmək üçün kifayətdir.

“Biz tədarükləri həyata keçirərkən çox diqqətliyik, eskalasiya riskini qiymətləndirməliyik. Amma münaqişənin davam edəcəyi təqdirdə Kiyevin uğursuzluğa düçar ola biləcəyi istisna deyil”, - Çexiya prezidenti xəbərdarlıq edib.

Petr Pavel onu da diqqətə çatdırıb ki, münaqişə bitdikdən sonra Ukrayna NATO-ya üzv olmaq üçün müraciət edə bilər. Çünki yalnız münaqişəniun həllinə, regionda sülhün bərqərar olunmasına gəldikdən sonra Ukraynanın bloka potensial üzvlüyü barədə danışmaq mümkündür.

Çexiya lideri “Sky News” telekanalına müsahibədən sonra Ukrayna problemi ilə bağlı “X” sosial şəbəkəsində də şərhlər yerləşdirib.

“Ukraynaya hərbi dəstək münaqişəyə son qoymaq üçün həll yolunun axtarışını istisna etmir. Əksinə, bu, eyni vaxtda baş verməlidir ki, Rusiya vəziyyətin hərbi yolla həllinin olmadığını anlasın”, - Petr Pavel yazıb.

Onun fikrincə, beynəlxalq hüquq normalarına uyğun şəkildə Ukraynaya hər cür kömək etmək lazımdır. Bura sursat və digər hərbi təyinatlı malların tədarükünün artırılması da daxildir.

“Rusiyanın özü münaqişəni dərhal dayandıra bilər. Lakin öz məqsədlərinə çatacağına ümidi qalana qədər bunda maraqlı deyil. Bununla belə, istənilən sülh danışıqlarının başlanması üçün Ukraynanın razılığı tələb olunur və onun əsas maraqlarına hörmətlə yanaşılmalıdır. Buna görə də, mən prezident Volodimir Zelenskinin Ukraynada sülhə dair iyun konfransına dəvətini qəbul etdim”, - Çexiya prezidenti vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Çexiya   Ukrayna   sülh  





Xəbər lenti