Ukrayna əks-hücuma keçə bilər, amma...
Ukrayna silahlı qüvvələri gələn il əks-hücuma keçə bilər, lakin Kiyev üçün hər şey o qədər də ürəkaçan deyil.
“Ukraynanın Rusiyanın Kursk vilayətinə hücumu başlayandan bəri Donetsk vilayətinin qalan ərazilərinin saxlanması üçün mühüm əhəmiyyət kəsb edən Nyu-York, Toretsk, Çasov Yar və Pokrovsk kimi yaşayış məntəqələrində intensiv döyüşlər gedir və onlar ağır artilleriyadan atəşə tutulur”, - qəzetdə dərc olunan matreialda deyilir.
Ukrayna bölmələri qüvvələrin və resursların Kursk bölgəsinə yönəldilməsinin onların müdafiə əməliyyatlarını təhlükə altına sala biləcəyindən narahatdırlar. Çasov Yar kimi şəhərlər aktiv döyüş meydanları kimi qalır və vəziyyətin yaxşılaşması gözlənilmir. Pokrovskdakı Ukrayna qoşunlarında canlı qüvvə çatışmazlığı müdafiə əməliyyatlarını çətinləşdirir və əks-hücumları demək olar ki, mümkünsüz edir. Qəsəbənin cəbhə xəttinə yaxınlığı və Rusiya artilleriyasının atış məsafəsi əhəmiyyətli təhlükə yaradır. Onun süqutu isə Rusiyanın Konstantinovka, Kramatorsk və Slavyansk şəhərlərini mühasirəyə almasına səbəb ola bilər.
Beləliklə, Ukraynanın Kursk bölgəsinə hücumunun sürpriz olmasına və onun əhəmiyyətli siyasi faydalarına baxmayaraq, Ukraynanın özündə mənzərə heç də ürəkaçan deyil. Şəxsi heyətdən, zirehli texnika və aviasiyadan istifadə edən Rusiya Donetsk bölgəsindəki hücumda israrlıdır.
“The Telegraf” bildirir ki, Rusiya qoşunlarının Donbasdan çıxarılmasını sübut edən heç bir əlamət yoxdur. Əgər bu, doğrudursa, deməli, hətta Ukrayna qoşunlarının Kursk bölgəsində öz üstünlüyünü qoruduğu bir vaxtda belə, Moskva Ukrayna ərazisində hücuma üstünlük vermək əzmini göstərir. Ağır itkilərə rəğmən, Rusiyanın Donbassdakı uğurlarının davam etməsi Moskvaya güc verir. Bununla belə, nəşrin fikrincə, bir neçə amil Moskvanın qətiyyətini sarsıda bilər.
“Əvvəla, Ukrayna Kurskda uğur qazanmağa davam edərsə, Rusiya ələ keçirdiyi ərazilərdən daha çox qüvvə çıxarmalı ola bilər. İkincisi, hazırda təlim keçən Ukrayna briqadaları, Rusiya qüvvələrinin zəiflik əlamətləri görünən yerdən asılı olaraq, Kursk və ya Donetsk vilayətlərini gücləndirmək üçün yerləşdirilə bilər. Belə çeviklik Kiyevə nəinki işğal olunmuş Donbasda ruslara təzyiq göstərməyə, hətta 2025-ci ildə əks-hücuma keçməyə imkan verə bilər”, – qəzet proqnozlaşdırır.
Bu müstəvidə üçüncü həlledici faktor Ukrayna tərəfindən Rusiyanın Qara Dəniz Donanmasının məhv edilməsi və Rusiyanın Krımdakı hava hücumundan müdafiə (HHM) şəbəkəsinin sürətlə dağıdılması perspektividir. Belə ssenari yarımadadakı rus qoşunlarını müdafiəyə keçməyə məcbur edəcək. Bu, çox güman ki, Krımın növbəti hədəfə çevrilməsinə təsir göstərəcək. Britaniya nəşrinin iddiasına görə, artıq tez-tez Ukrayna təxribatlarının hədəfi olan Kerç körpüsü də yaxın gələcəkdə məhv ediləcək.
Sahil İsgəndərov
AzVision.az