ABŞ söz azadlığına “hörmət” nümunəsi göstərir

   ABŞ söz azadlığına    “hörmət”    nümunəsi göstərir
  22 Avqust 2024    Oxunub:1159
ABŞ-nin Ədliyyə nazirliyi Rusiyanın dövlət televiziya kanalları ilə əməkdaşlıq edən amerikalılara qarşı genişmiqyaslı cinayət təhqiqatına başlayıb.
Mənbələrə istinad edən “New York Times” qəzetinin yazdığına görə, əvvəllər BMT-nin silahlar üzrə müfəttişi olmuş Skott Ritter və keçmiş prezident Donald Trampın müşaviri Dimitri Saymsın evlərində artıq axtarışlar aparılıb. Bundan əlavə, daha çox axtarışların planlaşdırıldığı və cinayət işlərinin açıla biləcəyi iddia olunur.

Müstəntiqlər diqqəti iqtisadi sanksiyaların mümkün pozuntularına və xarici hökumətlər üçün lobbiçilik fəaliyyətinin açıqlanmasını tələb edən qanuna yönəldirlər.
İstintaq Rusiyanın bütün dünyadakı seçkilərin, o cümlədən ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərinin nəticələrinə təsir göstərməyə çalışacağına dair şübhələr əsasında başlayıb.

Qeyd edək ki, ABŞ-nin keçmiş hərbi və kəşfiyyat zabit olan Skott Ritter bir müddət BMT-nin İraqdakı silahlar üzrə müfəttişi vəzifəsini tutub. Son illər Skott Ritter Rusiya mediası ilə, xüsusən də “Rossia Today (RT)” və “RİA Novosti” media qurumları ilə sıx əməkdaşlıq edir. Rusiya dövlət televiziya kanallarında yayımlanan verilişlərə qoşulur və Ukrayna müharibəsi mövzusunda şərhlər verir. Bayden administrasiyasının xarici siyasət kursunun ən sərt tənqidçilərindən biridir.

Yəhudi əsilli amerikalı pollitoloq, “The National Interest” jurnalının naşiri və ABŞ-nin sabiq prezidenti Riçard Niksonun rəhbərlik etdiyi Amerika Milli Maraqlar Mərkəzinin keçmiş prezidenti Dmitri Sayms 1947-ci ildə Moskvada doğulub. Lakin 1973-cü ilin yanvarında həyat yoldaşı ilə birlikdə ABŞ-yə mühacirət edib.

2018-ci ilin sentyabrından başlayaraq Rusiyanın Birinci kanalında “Böyük oyun” verilişinin iki aparıcısından biridir. 2023-cü ildə o, Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasına moderatorluq edib. Sayms ABŞ-dakı evində aparılan axtarışları özünün Vaşinqtonun “əsas siyasi cərəyanına qarşı çıxması” ilə əlaqələndirib. Politoloq ABŞ-nin Federal Təhlükəsizli Bürosunun (FTB) ondan niyə şübhələndiyini bilmədiyini deyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   media   təhqiqatlar  





Xəbər lenti