Polşa: “Şimal axınını partladanlara mükafat vermək lazımdır”

   Polşa: “Şimal axınını partladanlara    mükafat vermək    lazımdır”
  21 Avqust 2024    Oxunub:952
Polşa prokurorluğu Almaniyanın tələbi ilə “Şimal axını” partlayışlarında şübhəli bilinən ukraynalı dalğıcı həbs edə bilməyəcəyini açıqladıqdan sonra Berlin buna Polşa hökuməti səviyyəsində nail olmaq qərarına gəlib.
Bəzi mənbələrə istinad edən “The Wall Street Journal” (WSJ) qəzetinin yaydığı məlumata görə, Berlinin bu təşəbbüsü Varşavada fiaskoya uğrayıb.
Polşanın baş naziri Donald Tusk “X” sosial şəbəkəsində yazıb ki, “Şimal axınının bütün təşəbbüskarları və himayədarlarının bu gün etməli olduğu yeganə şey üzr istəmək və susmaqdır”.

Almaniya “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərində baş verən partlayışlarda şübhəli bilinən ukraynalı dalğıc Vladimir Juravlyovun həbsinə orderi hələ bu ilin iyun ayında Polşaya göndərib. Lakin Polşa prokurorları işə Daxili Təhlükəsizlik Agentliyi tərəfindən baxılana qədər onu həbs etməkdən boyun qaçırıblar.

Buna görə də iyul ayında Almaniya kansleri Olaf Şolzun başçılıq etdiyi alman nazirlərdən ibarət nümayəndə heyəti həbs qərarının icrası üçün Polşa hökuməti ilə Varşavada görüş keçirib.

“Lakin yüksək rütbəli Polşa rəsmisi alman həmkarına özəl qaydada bildirib ki, boru kəmərinin dağıdılmasında rol oynamış hər hansı potensial şübhəli şəxs həbs olunmaqdansa, medallarla təltif edilməlidir”, - WSJ yazıb.

Ötən həftə “The Wall Street Journal” bildirmişdi ki, “Şimal axınları”nda təxribat özəl iş adamları tərəfindən maliyyələşdirilib və həmin əməliyyata birbaşa Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujnıya tabe olan yüksək rütbəli ukraynalı general rəhbərlik edib. Nəşrin iddiasına görə, Ukrayna prezidenti Volodimir Zelenski əvvəlcə qaz kəmərlərinin partladılması planını təsdiqləyib, lakin bundan xəbər tutan ABŞ-nin Mərkəz Kəşfiyyat İdarəsi (MKİ) ondan əməliyyatdan imtina etməsini istəyib.

Bu gün Ukrayna hakimiyyəti təxribatda öz iştirakını qəti şəkildə inkar edir. Yeri gəlmişkən, hazırda Ukraynanın Böyük Britaniyada səfiri olan general Valeri Zalujnı SMS mesajında belə bir əməliyyatdan xəbəri olmadığını və bunun əksini deyən hər hansı ehtimalın “sadəcə təxribat” olduğunu bildirib.

Maraqlıdır ki, Rusiya hakimiyyəti də WSJ-nin yaydığı məlumatın həqiqəti əks etdirmədiyini və əslində kollektiv Qərbin “Şimal axın”larının partladılmasında iştirakını ört-basdır etməyə yönəldiyini iddia edir. Yeri gəlmişkən, ötən ilin mart ayında “China Daily” qəzetinə müsahibəsində məşhur amerikalı tədqiqatçı-jurnalist, Amerikanın Pulitser mükafatını laureatı Seymur Xerş “Şimal axını” qaz kəmərlərinin partladılmasına şəxsən ABŞ prezidenti Co Baydenin əmr verdiyini iddia edib.

“Amerika lideri qaz kəmərlərini partlatmaq əmrini 2022-ci ilin sentyabr ayının sonunda Almaniya kansleri Olaf Şolzun Kiyevə silah göndərməkdən açıq şəkildə imtina etməsindən sonra verib. O zaman Baydenin fəal şəkildə dəstəklədiyi Ukrayna münaqişəsi ABŞ üçün çox yaxşı getmirdi”, - Seymur Xerş bildirmişdi.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Polşa   Almaniya   Rusiya  





Xəbər lenti