"Qanuna zidd deyil, fəqət ziyanlıdır"

// Britaniyada sosial şəbəkələrə nəzarətin yeni mexanizmi hazırlanır

      "Qanuna zidd deyil, fəqət ziyanlıdır"
  20 Avqust 2024    Oxunub:1497
Britaniyanın baş naziri Kir Starmer hökumətin iclasında sosial medianın tənzimlənməsilə bağlı qanunvericiliyə yenidən baxılmasını təklif edib. Onun təklifi qanuna çevrilsə, texnoloji şirkətlər hökumətin iğtişaş yaratmaq potensialına malik hesab etdiyi postları silməyə məcbur ediləcəklər. Baş nazirin sözlərinə görə, hökumət sosial media qanununa iğtişaşların qarşısını almaq siyasətinin tərkib hissəsi kimi baxır.
“The Telegraph” qəzeti bunu belə şərh edir ki, nazirlər sosial media şirkətlərini “qanuna zidd olmasa da, ziyanlı məzmuna malik olan” postları, o cümlədən, feyk xəbərləri silməyə məcbur etmək istəyirlər.
Bu plan İlon Maskın “X” sosial şəbəkəsindəki bir paylaşımından sonra gündəmə gəlib. Mask Britaniyadakı radikal müsəlman fəalların sağ qüvvələrə qarşı aqressiya çağırışına dair postunu paylaşıb, Kir Starmeri nişanlayaraq, ölkədəki bütün icmaların hüquqlarının niyə qorunmadığını soruşmuş və bunun vətəndaş müharibəsinə gətirib çıxaracağını iddia etmişdi.


“Qanuni, fəqət ziyanlı məzmun” anlayışı hələ torilərin (mühafizəkarlar) 2022-ci ildə parlamentə təqdim etdikləri “Online Safety Act” adlı qanun layihəsində əksini tapsa da, o zaman söz azadlığına zidd hesab olunmuşdu. Parlamentdə qanunu tənqid edənlər bildirmişdilər ki, bu anlayış gələcəkdə leyboristlərin sosial mediada senzuranı qanuniləşdirməsinə səbəb ola bilər. Ona görə də “qanuni, fəqət ziyanlı” anlayışı “üçqat qalxan” mexanizmilə əvəz olunmuşdu. “Üçqat qalxan” yanaşmasına görə, şirkətlər istifadəçilərə görmək istəmədikləri kontenti arıtlamaq üçün aləvə alətlər təqdim etməli idilər.

Lakin aradan keçən müddətdə Britaniyada sosial mediada dezinformasiyaların artması, dağıdıcı qrupların bu platformada fəallığının güclənməsi yenidən “qanuni, fəqət ziyanlı kontent” anlayışını aktuallaşdırıb. Keçirilən sorğulara görə, Britaniya əhalisinin 71%-i sosial şəbəkə şirkətlərinin ziyanlı kontentin qarşısını almaq üçün kifayət qədər iş görmədiklərini düşünürlər.


Bernadet Spoffort adlı 55 yaşlı bir qadın “X” sosial şəbəkəsində belə bir yanlış məlumat paylaşmışdı ki, Teylor Sviftin rəqs məktəbinin həyətində 3 qızı öldürməkdə şübhəli bilinən şəxs Britaniyaya qayıqla gələrək, burada sığınacaq axtaran miqrant olub. Bu məlumat yalan olsa da, ifrat sağçıları coşdurdu və onlar bütün ölkə boyu iğtişalara başladılar. Bundan sonra Çesterdə bahalı villada yaşayan Bernadet Spoffort “Onlayn Təhlükəsizlik Aktı” adlanan qanunun tələbilə yanlış məlumat yaymağa görə həbs edildi. Amma vurulan ziyanın miqyası göstərirdi ki, təkcə məlumatı yayan şəxslərin buna görə məsuliyyət daşıması kifayət deyil. Ona görə də, şirkətilərin üzərinə “qanuni, amma ziyanlı” kontentin qarşısını almaq öhdəliyinin qoyulması gündəmə gəldi.


Əlbəttə, bu zaman ortaya çoxlu suallar da çıxır: Məsələn, məzmunun “ziyanlı” olmasını kim müəyyən edəcək? Tənqidçilər deyirlər ki, bu qanun qəbul olunarsa, sosial şəbəkələrin “ziyanlı” anlayışının dominantlığına səbəb olacaq. Amma belə görünür ki, bu suallar Britaniya hökumətini narahat etmir.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Sosial-şəbəkə   Britaniya  





Xəbər lenti