Putinin Azərbaycana səfəri münasibətlərə necə təsir edəcək? - ŞƏRH

   Putinin Azərbaycana səfəri münasibətlərə necə təsir edəcək? -    ŞƏRH
  20 Avqust 2024    Oxunub:1069
"Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq və strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli Bəyannamənin imzalanmasından sonra iki ölkə arasındakı münasibətləri yeni inkişaf mərhələsinə daxil oldu. 2022-ci ilin fevral ayının 22-də imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” ilə isə əlaqələr müttəfiqlik səviyyəsinə yüksəldi".
AzVision.az –a siyasi analitik Lətif Babayev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana səfərini şərh edərkən belə deyib.

Rusiya Prezidenti: Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə uğurla yerinə yetirilir
Onun sözlərinə görə, Putinin Azərbaycana dövlət səfəri münasibətlərin yeni mərhələdə daha da inkişaf etdirilməsinə zəmin yaradacaq:

“Rusiya-Azərbaycan əməkdaşlığı ikitərəfli münasibətlərin inkişafında yeni perspektivlərə hesablanıb. Müxtəlif sahələr üzrə altı sənədin imzalanması, gələcək əməkdaşlıqla bağlı qəbul edilən birgə bəyanatda tərəflərin ticarət-iqtisadi, sənaye və kənd təsərrüfatı əməkdaşlığının daha da gücləndirilməsinin, turizm və tranzit axınlarının, o cümlədən hava, dəmir yolu və multimodal yükdaşımaların və Şimal-Cənub tranzit dəhlizinin infrastrukturun inkişafı hesabına genişləndirilməsinin vacibliyinin, Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiyaları artıracağının vurğulanması bunun təsdiqidir.

Rusiyanın regioanal təhlükəsizlik və sabitliyin qorunması sahəsində birgə səylərin davam etdiriləcəyi niyyətləri isə Azərbaycan, eləcə də bütün region üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki İkinci Qarabağ müharibəsindən 4 il keçməsinə, Azərbaycanın davamlı, eləcə də Rusiyanın və Avropa İttifaqının müəyyən təşəbbüslərinə baxmayaraq, bugünədək Ermənistanla sülh sazişi imzalanmayıb. Erməni tərəfinin müxtəlif bəhanələrlə sülh danışıqlarını davam etdirməkdən yayınması regionda təhlükəsizliyin təmin edilməsinə zərbə vurur. Prezidentlərin regional və beynəlxalq aktual mövzular ətrafında fikir mübadiləsi, əslində, regioanal təhlükəsizlik istiqamətində Azərbaycanın səylərinin son dərəcədə vacib olduğunu bir daha göstərir.

Bu baxımdan birgə bəyanatda Cənubi Qafqazda təhlükəsizliyin və davamlı inkişafın təmin edilməsi məqsədi ilə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının, eləcə də ən yüksək səviyyədə əldə edilmiş sonrakı razılaşmaların əhəmiyyəti vurğulandı, Rusiyanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına yardımını davam etməyə hazır olduğu təsdiqləndi. Hazırda müxtəlif dövlətlərin və qüvvələrin təsir etməyə cəhd göstərdiyi Cənubi Qafqazıda sabitliyin və təhlükəsizliyin təmin olunması üçün bu normallaşmanın xüsusi önəm daşıdığı hamıya aydındır.

Səfərin davam etdiyi saatlarda müxtəlif rəylər arasında bir fikir də səslənirdi. Azərbaycan Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlarda vasitəçi ola bilər. Bu ehtimalın nə dərəcədə real olduğunu şərh etmədən, yalnız onu qeyd edə bilərik ki, hər iki dövlətlə yaxşı münasibətləri olan Azərbaycanın bu danışıqların aparılacağı mümkün məkan kimi seçilməsi milli maraqlarımıza tam uyğun olmaqla, dövlətimizin dünya birliyi üçün əhəmiyyətini bir daha nümayiş etdirmiş olardı“.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Azərbaycan   Rusiya   İlhamƏliyev   Putin  





Xəbər lenti