Amos Yadlin: “İsrail hamıdan qisasını alacaq”
Onun sözlərinə görə, İsrail 1972-ci ildə Münhendəki terror aktından sonra işə saldığı eyni üsullardan yararlanır: 7 oktyabr hücumunda iştirakı olan hər kəsi məhv edir. “HƏMAS”-ın yüksək rəhbərliyindən bu gün yalnız ikisi sağdır: Yəhya Sinvar və Xalid Məşəl.
Onun fikrincə, bu qətllərlə və ötən həftə Yəmənə hücumla İsrail özünün çəkindirici gücünü bərpa edir.
“Oktyabrın 7-dən sonra İsrailin düşmənlərinin qarşısını almaq qabiliyyəti zəiflədi. İndi İsrail cavab vermək qabiliyyətini nümayiş etdirir. Lakin İsrail çox uzunmüddətli mübarizə aparır: reaksiya olacaq və biz cavab verməyə hazır olmalıyıq. Bütün tərəflər vəziyyəti genişmiqyaslı müharibəyə çatdırmadan qətiyyətlə cavab verməyə çalışır. Mən heç kimin - İranın, İsrailin və ya “Hizbullah”ın genişmiqyaslı müharibəyə başlamaq istəyini görmürəm. Ancaq səhv hesablamalar həmişə mümkündür, müharibəyə səbəb olacaq qırmızı xətt keçilə bilər”, - İsrail hərbi kəşfiyyatının keçmiş rəhbəri vurğulayıb.
Amos Yadlin bildirib ki, İsrailə qarşı cavab addımlarını nəzərdən keçirmək üçün İrana və “Hizbullah”a vaxt lazımdır. Onların özlərinin, habelə müxtəlif qruplaşmalardan olan müttəfiqlərinin xaricdəki israillilərə, səfirliklərə, turistlərə hücum edə bilməsi də mümkündür.
Sahil İsgəndərov
AzVision.az