Kiyev müharibə xərclərinin həcmini açıqlayıb

   Kiyev    müharibə xərclərinin    həcmini açıqlayıb
  31 İyul 2024    Oxunub:1125
Ukraynadakı münaqişənin hər günü ölkəyə təxminən 120 milyon avroya (təxminən 130 milyon ABŞ dolları) başa gəlir.
“RBK Ukrayna” agentliyinə müsahibəsində bu rəqəmi açıqlayan Ukraynanın Maliyyə naziri Sergey Marçenko, beləliklə, Kiyevin təhlükəsizlik və müdafiə xərclərinin ildə təqribən 3,7 milyard avro təşkil etdiyini deyib.

Nəticədə Ukrayna büdcəsində 500 milyard qrivna (təxminən 122 milyon ABŞ dolları) həcmində “dəlik” yaranıb – bura əsasən silahlı qüvvələr üçün xərclər, o cümlədən hərbi maaşlar daxildir. Yaranmış problemi aradan qaldırmaq üçün hökumət vergilərin artırılması layihəsini təklif edib ki, bu sənəd də avtomobil alınması, daşınmaz əmlakın satışı və s. zamanı hərbi verginin tətbiqini nəzərdə tutur.

“Ölkənin hər bir işləyən vətəndaşının silahlı qüvvələrə dəstək vermək imkanına malik olması baxımından, vergitutma bazasının hərbi vergi ilə genişləndirilməsi düzgün addımdır”, - Sergey Marçenko vurğulayıb.

Lakin Ukraynanın iş adamları təklif olunan fiskal yeniliklər ideyası ilə razılaşmırlar. Belə ki, nazirin sözlərinə görə, avtomobil satıcıları maşın alışı üçün verginin tətbiqinin bu bazarı kölgə iqtisadiyyatına doğru aparacağını iddia edirlər. Nazir onu da bildirib ki, sahibkarlar təkcə cari il üçün deyil, növbəti il üçün də vəziyyətin kritik olduğunu dərk etməlidirlər. Bu müstəvidə yarana biləcək problemlər isə “kölgə bazarı ilə mübarizə aparmalı olan hüquq-mühafizə orqanlarının işinə aid olan sualdır”.

Marçenko əvvəllər ABŞ-nin ayırdığı 7,8 milyard dolların maaşların və digər maliyyə ehtiyaclarının ödənilməsinə gedəcəyini açıqlamışdı. Lakin döyüş meydanındakı vəziyyətə görə ölkənin gələn il üçün büdcəsinin perspektivləri “qeyri-müəyyəndir”. Nazir 2025-ci ildə Ukrayna büdcəsinin təxminən 12 milyard dollar həcmində “əlavə kəsirlə” üzıləşəcəyini proqnozlaşdırır. Marçekonun hesablamalarına görə, bu ilin elə ilk rübündə Ukraynanın Maliyyə nazirliyi hərbi xərcləri 4 milyard dollar artırmağa məcbur olub.

Xatırladaq ki, bu ilin aprelində ABŞ Senatı Ukraynaya 60,64 milyard dollar həcmində hərbi yardımın ayrılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Həmin vəsaitin üçdə birindən çoxu - 23,2 milyard dollar ABŞ-nin hərbi ehtiyatlarını artırmaq üçün xərclənəcək. 13,8 milyard dollar Ukraynaya silah alınması, 11,3 milyard dollar ABŞ-nin regionda davam edən hərbi əməliyyatları, 26 milyon dollar isə Kiyevə göstərilən yardıma davamlı nəzarət üçün ayrılıb. Qanun layihəsində, habelə yardımın bir hissəsinin - 7,9 milyard dolların Ukrayna hökumətinin fəaliyyətinin təminatına istifadə olunmasını, habelə “Avropa, Avrasiya və Mərkəzi Asiyaya yardım” üçün kredit şəklində 1,58 milyard dollar ayrılmasını nəzərdə tutan müddəa da yer alıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Ukrayna   müharibə   xərclər  





Xəbər lenti