Şin Şik: “Pxenyan ABŞ-dakı seçkilərə hazırlaşır ”
Onun sözlərinə görə, Cənubi Koreya, Yaponiya və ABŞ Şimali Koreyanın təhdidlərinə qarşı mütəmadi olaraq üçtərəfli əməkdaşlığı gücləndirirlər. Pxenyanın raket buraxılışları ilə bağlı xəbərdarlıq məlumatlarının mübadiləsi sistemi də işə salınıb.
KXDR artıq nüvə sınağına hazırlığı başa çatdırıb və müvafiq qərar qəbul edildikdən sonra onu həyata keçirməyə hazırdır. Şin Şik bildirib ki, Pxenyanın ABŞ-nin yeni prezidentinin Şimali Koreya siyasətinə “təsir etmək” üçün nüvə təxribatlarına əl atması mümkündür.
“Biz bu həlledici məqamın Vaşinqtonun siyasətinə təsirini artırmaq üçün ABŞ-da prezident seçkilərindən dərhal əvvəl və ya sonra baş verəcəyini istisna edə bilmərik”, - Cənubi Koreyanın Müdafiə naziri deyib.
Amma, görünür, öz rəqiblərinin gözlənilməz “sürpriz”lərindən sığortalanmağa çalışan ABŞ hipersəsli raket sınaqdan keçirib. Hərçənd, “The Warzone” portalı hansı ilahın sınaqdan keçirildiyinin və sınağın nə dərəcədə uğurlu olduğunun dəqiqləşdirilmədiyini yazıb. Sadəcə, ABŞ-nin Müdafiə nazirliyinin təmsilçisi sınağın Florida ştatındakı Kanaveral burununda baş tutduğunu bildirib.
“Bu sınaq operativ hipersəs texnologiyasının inkişafında mühüm mərhələ oldu. Hipersəs silahlarının yerləşdirilməsində gələcək irəliləyişlərə kömək edəcək mühüm aparat və proqram təminatı üçün vacib məlumatlar toplanıb”, - Pentaqondan deyiblər.
Qeyd edək ki, bir zəncirin həlqələri olan bu tədbirlər Kremlin atdığı addımlara cavabdır. Belə ki, bu ilin fevral ayında ABŞ orbitə hipersəs silahlarını izləyən peykləri olan bir raket çıxardı. Mart ayında ABŞ Hərbi Hava Qüvvələri Sakit okeanda “AGM-183A ARRW” hipersəsli qanadlı raketin uğurlu sınağı haqqında məlumat verdi. Bu ay isə Pentaqon ABŞ-nin 2026-cı ildə Almaniyada uzaqmənzilli zərbə sistemləri yerləşdirməyə başlayacağını açıqladı. Söhbət “SM-6” zenit raketlərindən, “Tomaqavk” qanadlı raketlərindən və eksperimental hipersəs silahlarından gedir.
Sahil İsgəndərov
AzVision.az