Yaxın Şərqdə ikinci cəbhə: Livan "Hizbullah"ın güdazına gedəcəkmi?

      Yaxın Şərqdə ikinci cəbhə:    Livan "Hizbullah"ın güdazına gedəcəkmi?
  30 İyul 2024    Oxunub:1581
İsrail və Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" terror təşkilatı arasında ötən ilin oktyabrında Qəzzadakı müharibəyə paralel şəkildə başlayan sərhədboyu toqquşmalar bir neçə gündür ki daha da şiddətlənib. Regionun və Qərbin hökumət nümayəndələri Yaxın Şərqdə ikinci böyük müharibə cəbhəsinin açılması riskindən narahatdırlar.
Belə bir şəraitdə "Al Jazeera" nəşri yazır ki, Livanın xarici işlər naziri Abdullah Bu-Həbib "Hizbullah"ın nümayəndə heyəti ilə görüş baş tutub. Bu barədə rəsmi açıqlama verilməsə də, görüşün "müsbət" keçdiyi vurğulanır. Bu onu göstərir ki, Livan hökuməti və terrorçular İsrailin gözlənilən hücumuna qarşı birgə hazırlıq görürlər.

Tərəflər arasında oktyabrdan bəri baş verən irili-xırdalı sərhəd toqquşmaları ötən gün "Hizbullah"ın İsrailin nəzarətindəki Colan təpələrinə böyük hücumu nəticəsində zirvə nöqtəsinə qalxıb. Beləliklə, Qərbin uzun müddətdir ki ehtiyatlandığı eskalasiya təhlükəsi real müstəvi qazanıb.

ABŞ Dövlət katibi Antoni Blinken , İtaliyanın Baş naziri Corca Meloni, XİN rəhbəri Antonio Tayani və başqaları son hadisələrlə bağlı narahatlıqlarını diqqətə çatdıraraq, tərəfləri diplomatik həll yoluna çağırıblar.

İsrail tərəfi hələ iyunun əvvəllərində bildirib ki, "Hizbullah"a qarşı böyük əməliyyat hazırlanır. Bir sıra hökumət nümayəndəsi, o cümlədən milli təhlükəsizlik naziri İtamar Ben-Qvir , energetika naziri Eli Koen bu əməliyyat çərçivəsində təkcə sözügedən terror təşkilatının yox, bütövlükdə Livanın "cavab verməsi" zərurətini vurğulayıb, hətta ölkənin işğalına çağırıblar.

Ötən günlərdə isə İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-yə səfəri çərçivəsində onun heyətinə mənsub adı çəkilməyən hökumət nümayəndəsi mətbuata açıqlamasında:

"İsrail "Hizbullah"ı sərhəddən uzaqlaşdırmaq üçün hazırladığı bu, ya digər hərbi fəaliyyət üçün ABŞ-nin "yaşıl işıq" yandırmasını gözləməyəcək. Diplomatik həllin tərəfdarıyıq, ancaq görsək ki, bu mümkün deyil, hərbi əməliyyata başlamaqdan çəkinməyəcəyik", - deyib.

Əlbəttə, Bayden administrasiyası (hökumətdə etirazlara baxmayaraq) İsrailin qələbəsi üçün daimi yardımlar həyata keçirsə də, bu tamamilə diplomatik üslubla reallaşır. Maraqlıdır ki, bu yaxınlarda BƏƏ-nin XİN rəhbərinin vasitəçiliyi ilə ABŞ Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk İsrailin strateji işlər naziri Ron Dermerlə məxfi şəkildə görüşdü. Görüş barədə mətbuata düşən məlumata görə, Vaşinqton Qəzzaya sülhməramlı qüvvələr göndərmək niyyətindədir. BƏƏ-nin BMT-dəki daimi nümayəndəsi Lana Nüseybənin "Financial Times" qəzetində yazdığı məqalə də regionda "ABŞ-nin iştirakı ilə müvəqqəti beynəlxalq missiya" yaradılması planından xəbər verir. Bu halda, şübhəsiz ki, ABŞ sülhməramlıları İsrail-Livan sərhədinə də "baş çəkə" bilərlər.

Digər tərəfdən, "Hizbullah"ın himayədarı İran hadisələri səssiz qarşılamayacağını dəfələrlə vurğulayıb. İranın ali dini lideri Ayətullah Əli Xameneinin müşaviri Kamal Xərazi ayın əvvəlində "Financial Times"a açıqlamasında:

"İsrail Livana qarşı genişmiqyaslı müharibəyə başlayarsa, "Müqavimət Oxu" ona qahmar çıxacaq", - söyləyib.

"Hizbullah" terroçularının başbiləni Həsən Nəsrullah özü isə təşkilata bağlı "Al-Manar" telekanalında çıxışı zamanı İsraili ağır sözlərlə hədələyib:

"İsrail Ordusu mülki əhaliyə zərbə endirməyə davam edərsə, bu ölkənin indiyəcən raket hücumlarına məruz qalmayan şəhərlərini də hədəfə alacağıq. Tanklarınız Livanın cənubuna doğru hərəkətə keçərsə, artıq tank çatışmazlığından əziyyət çəkməyəcəksiniz, - çünki ümumiyyətlə tanklarınız qalmayacaq", - o həmçinin münaqişənin diplomatik həllini də birmənalı şəkildə rədd etdiyini dilə gətirib.

Beləliklə, İsrail Livanla sərhəddə "Hizbullah"la toqquşma "qığılcımlarını" "böyük partlayış"a çevirmək istəyərsə, şərqdən İran da öz fitilini alovlandıracaq. Yaxın Şərqdə ikinci cəbhənin labüd göründüyü belə bir vəziyyətdə regionun lideri Türkiyənin münasibəti də maraq doğurur. Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan "Azvison.az"a açıqlamasında deyib ki, Türkiyənin bu münaqişədə haradan, hansı istiqamətdən müdaxilə edə biləcəyi ehtimalı hələlik məchuldur:
Türkiyə İsrail-Livan müharibəsinə müdaxilə edəcəkmi? - Politoloqdan Açıqlama

"Türkiyə üçün əsas məsələ öz ərazisinin təhlükəsizliyini qorumaqdır. Türkiyənin öz ərazisini Suriya və Aralıq dənizi istiqamətində qoruması onun münaqişədə iştirak etməsi deyil, öz təhlükəsizliyini təhdidlərdən müdafiə etməsidir".

Politoloq həmçinin münaqişənin ümumi mənzərəsinə də toxunub:

"İsrail Ordusu Livanı həmişə vurub. Son günlərdə isə bu intensivləşib. Ona görə elə təəssürat yaranır ki, müharibənin ərazisi böyüyüb. Sadəcə müharibəyə başqa ölkələr hərbi texnika ilə dəstək göstərir. İsraillə müharibə aparan tərəf inamlı görünməyə çalışır. Bu həm də ABŞ-nin regional maraqlarına qarşı birliyinin nümayişidir".

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Livan   münaqişə   eskalasiya  





Xəbər lenti